Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
"Şərur" Xalq Yallı Ansamblı

    1924-cü ildə əsası qoyulan “Şərur” Xalq Yallı Ansamblının tanınmasında və repertuarının genişlənməsində dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük xidmətləri olmuşdur. Ansambl 1938-ci ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü”ndə maraqlı proqramla çıxış etmişdir. Yarandığı gündən qısa müddət ərzində ansamblın kollektivi dünyanın bir çox ölkəsində keçirilən bədii özfəaliyyət festivallarında iştirak edərək diplom və mükafatlara layiq görülmüşdür.

      1972-ci ildə Almaniya Demokratik Respublikasında keçirilən ümümdünya folklor festivalında iştirak edən “Şərur” Xalq Yallı Ansamblı festivalın laureatı adını qazanmışdır. Elə həmin il ansambl Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuş və kollektivə “Xalq Yallı Ansamblı” statusu verilmişdir. Ansambl 1977-ci ildə Moskva şəhərində keçirilən kənd əməkçilərinin birinci “Ümümittifaq Xalq Yaradıcılığı Festivalı”nda, 1980-ci ildə Macarıstanda keçirilən “Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü”ndə iştirak edərək uğur qazanmışdır. 1984-cü ildə Polşanın Zelyonaya Qora şəhərində keçirilən beynəlxalq folklor festivalının laureatı olan “Şərur” Xalq Yallı Ansamblı haqqında elə həmin il ümümittifaq televiziyasında “Şərur yallısı” sənədli filmi təqdim edilmişdir. Kollektivin bu uğurlarında Azərbaycanın tanınmış musiqiçiləri və rəqs ustaları olan Əminə Dilbazi, Əlibala Abdullayev, Xumar Zülfüqarova, Qəmər Almaszadə, Kamil Dadaşov, Roza Cəlilova kimi sənət adamlarının böyük zəhmət və xidmətləri olmuşdur.

      Müstəqillik illərində 90-cı illərin ikinci yarısından etibarən ansamblın fəaliyyətində yenidən canlanma başlamışdır. Muxtar respublikada həyata keçirilən yeni quruculuq siyasəti nəticəsində incəsənət kollektivlərinin fəaliyyəti gücləndirilmiş, kollektivlərin xarici ölkələrə qastrol səfərlərinin təşkil edilməsinə diqqət artırılmışdır. “Şərur” Xalq Yallı Ansamblı 1997-ci ildə Türkiyənin İskəndərun şəhərində folklor bayramında uğurla çıxış etmişdir. 1998-ci ildə Bayburt şəhərində keçirilən “Dədə Qorqud” festivalında da kollektiv yüksək mükafata layiq görülmüşdür. 2001-ci ildə Misirin paytaxtı Qahirədə keçirilən “XII Beynəlxalq Folklor Festivalı”nda ansambl “Qızıl açar” mükafatına layiq görülmüşdür. Kollektivin üzvləri dəfələrlə Türkiyə Respublikasında keçirilən festival və bayramlarda uğurla çıxış edərək müxtəlif mükafatlara layiq görülmüşdür. 2005-ci ilin may ayında İstanbul şəhərində keçirilən folklor festivalında “Şərur” Xalq Yallı Ansamblının uğurunu xüsusilə qeyd etmək lazımdır. Bələ ki, 57 ölkənin folklor kollektivləri arasında ansambl birinci yerə layiq görülərək festivalın mükafatı və diplomunu qazanmışdır.

      Hazırda ansamblın repertuarında ifa tərzi ilə bir-birindən fərqlənən 40-dan çox yallı və rəqslər yer almışdır. Ansamblın 50-yə yaxın üzvü var. Onların bir çoxu istedad və qabiliyyətləri ilə ölkə miqyasında tanınmış yallı ustalarıdır. Azərbaycan milli musiqi mədəniyyətinin, folklorunun təbliği və inkişafı istiqamətində fəaliyyət göstərən ansambl ölkəmizdə və muxtar diyarımızda keçirilən mədəni tədbirlərdə və festivallarda bu gün də fəal iştirak edir.

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018