Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
Naxçıvan Teatrı
           Azərbaycan milli teatr tarixində parlaq səhifələr açmış Naxçıvan teatrının yaranması mədəniyyət tariximizdə mühüm hadisələrdən biridir.

               1883-cü ilin mayında dövrünün mütərəqqi ziyalısı olan Hacı Nəcəf Zeynalovun Naxçıvanın məşhur "Zaviyyə" məhəlləsindəki evində Mirzə Fətəli Axundovun "Müsyo Jordan və Dərviş Məstəli şah" komediyası səhnəyə qoyuldu. Bu tamaşanın hazırlanmasında Naxçıvanda maarif və mədəniyyətin inkişafında dəyərli xidmətlər göstərmiş Eynəli bəy Sultanovun və onun təşəbbüsü ilə yaradılmış "Ziyalı məclisi", eləcə də "Müsəlman şiə incəsənət və dram cəmiyyəti" üzvlərinin xidmətləri olmuşdur. Naxçıvan teatrının yaradılmasında Eynəli bəy Sultanov, Cəlil Məmmədquluzadə, Məhəmməd Tağı Sidqi, Mirzə Ələkbər Süleymanov, Qurbanəli Şərifov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Əliməmməd Xəlilov, Sadıq Xəlilov, Mirzə Sadıq Qulubəyov, Əliqulu Qəmküsar və başqaları fədakarlıq göstərmişlər.

                XX əsrin əvvəllərində Bakıdan Naxçıvana gələn qüdrətli teatr simaları Zülfüqar Hacıbəyov, Hüseyn Ərəblinski, Mirzəağa Əliyev, Sidqi Ruhulla, Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski və başqalarının Naxçıvan teatrının aktyorları ilə birlikdə tamaşa göstərməsi və öz həmkarlarına mənəvi dəstək verməsi Naxçıvan teatrı aktyorlarının peşəkarlıq səviyyəsinin yüksəlməsinə xüsusi təsir etmişdir.

      Ötən əsrin 20-ci illərində Naxçıvan teatrı yeni inkişaf mərhələsinə daxil olmuş, aktyorlar vahid truppada birləşmişlər. 1922-ci ildə Dövlət Dram Teatrı statusu alan Naxçıvan teatrına 1965-ci ildə böyük yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin adı verilməklə "Dövlət Musiqili Dram Teatrı" adlandırılmışdır.

           Naxçıvan teatrı fəaliyyət göstərdiyi illər ərzində dramaturgiyamızın görkəmli sənətkarlarının əsərləri bu sənət ocağında səhnəyə qoyulmuşdur. Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Nəcəf bəy Vəzirov, Əbdülrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, İlyas Əfəndiyev, Sabit Rəhman, Nəriman Həsənzadə, Elçin, Əli Əmirli və onlarla başqaları Naxçıvan teatrının tarixində müraciət etdiyi sənətkarlarımızın bir qismidir.

                     Millilik və bəşəriliyi paralel olaraq vəhdətdə saxlayan və inkişaf etdirən Naxçıvan teatrı həmçinin dünya dramaturgiyasının seçilən əsərlərini tamaşaya qoymuşdur. Uilyam Şekspir, Fridrix Şiller, Sofokl, Rabindranat Taqor, Gilerman Fiqeyredu, Anton Çexov, Əziz Nesin, Turan Oflazoğlu, Nodar Dumbadze, Çingiz Aytmatov, Qothold Lessinq, Georgi Xuqayev və başqalarının əsərləri müxtəlif illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuşdur.

           XX əsrdə Naxçıvan teatrının inkişafında Rza Təhmasib, Səməd Mövləvi, Kazım Ziya, Rza İsfəndiyarlı, Mirhəsən Mirişli, İbrahim Həmzəyev, İsa Musayev, Əyyub Haqverdiyev, Yusif Haqverdiyev, Zəroş Həmzəyeva, Xədicə Qazıyeva, Firüzə Əlixanova, Əkbər Qardaşbəyov, Roza Cəfərxanova, Sofiya Hüseynova, Məmməd Quliyev, Zemfira Əliyeva, Vəli Babayev, Məmməd Qasımov, Aydın Şahsuvarov, Şamil Qazıyev, Yuran Məmmədov, Məmməd Məmmədov, Məmməd Ələkbərov, Rəşid Məmmədov və başqalarının xidmətləri olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həmişə Naxçıvan teatrına diqqət və qayğı göstərmiş, onun fəaliyyəti ilə maraqlanmışdır. Ümummilli lider bu sənət ocağı haqqında demişdir:

"Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı böyük bir yaradıcılıq yolu keçmişdir. Teatr bu ənənəni bu gün də qoruyub saxlayır".

Teatrın səhnəsində naxçıvanlı müəlliflərdən Müzəffər Nəsirli, Nağı Nağıyev, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib, İslam Səfərli, Hüseyn İbrahimov, Hüseyn Razi, Əliyar Yusifli, Həsən Fətullayev, Ramiq Muxtar, Həmid Arzulu, Elman Həbib, Həsənəli Eyvazlı və başqalarının əsərləri də tamaşaya qoyulmuşdur.

Naxçıvan teatrının 60, 100, 125 illik yubileyləri təntənə ilə qeyd edilmişdir. Teatr 2 dəfə Ümumittifaq Teatr festivallarının baş mükafatına və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşdür.

Müstəqillik illərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2008-ci il Tarixli Sərəncamı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir. Bu illər teatrın yaradıcılıq axtarışları, qastrol səfərləri ilə zəngin olmuşdur. Teatrın Türkiyə Respublikasının Ankara, İstanbul, Bursa, Ərzurum, İqdır, Dənizli, İran İslam Respublikasının Təbriz, Maku, Azərbaycanın Bakı, Gəncə, Qazax, Lənkəran, Masallı, Yevlax, Şəmkir, Qəbələ şəhərlərində göstərdiyi tamaşalar maraqla qarşılanmışdır. Sənət ocağı qardaş Türkiyədə keçirilən teatr festivallarında və Hüseyn Cavidin 130 illik yubileyi ilə bağlı tədbirlərdə də tamaşalar göstərmişdir.

Bu gün Naxçıvan teatrı özünün əsl inkişaf yoluna qədəm qoymuşdur. Bu sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasında yenidənqurma işləri aparılmış və 2012-ci il fevral ayının 3-də teatr binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir. Bu, qədim diyarın mədəni həyatında yaddaqalan hadisə olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Naxçıvan teatrının yaradıcılarından olan Eynəli bəy Sultanovun 150 illik yubileyinin muxtar respublikada dövlət səviyyəsində qeyd edilməsi də Naxçıvan teatr sənətinə diqqət və ehtiramın daha bir ifadəsidir. Yaradılmasından 135 il ötən Naxçıvan Dövlət Musiqili Dram Teatrının son illərdə hazırladığı tamaşalar üslub, struktur və janr müxtəlifliyi ilə seçilir.

Naxçıvan teatrının yarandığı gündən bu günə qədər keçdiyi tarixi inkişaf yolunun tədqiqi ilə bağlı görülən işlər, nəşr olunan kitab və monoqrafiyalar da diqqəti cəlb edir. Bu sahədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan "Naxçıvan teatrının salnaməsi" kitabı yüksək dəyərə malikdir. Kitabda Naxçıvan teatrı ilə bağlı çoxsaylı elmi sənədlər, fotoşəkillər və digər məlumatlar ilk dəfə olaraq oxuculara təqdim edilmişdir. Bundan başqa, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində bu sənət ocağına aid fond fəaliyyət göstərir.

      Muxtar respublikada gənc aktyorlar nəslinin yetişməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Naxçıvan Dövlət Universitetində Aktyor sənəti ixtisası yaradılmışdır. Bu gün Naxçıvan teatrında tanınmış aktyorlarla yanaşı, gənc aktyorlar nəsli də çalışmaqdadır.

      Naxçıvan teatrı aktyorlarının əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. Yaradıcı insanlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, orden və medallara, Prezident təqaüdü və mükafatına layiq görülmüşlər.

      Naxçıvan teatrı bu gün də öz mütərəqqi ənənələrinə sadiq qalaraq fəaliyyətini yüksək səviyyədə davam etdirir.

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018