Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
Rəssamlıq
     Naxçıvanda professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaransa da bu sənətin köklərinin Gəmiqaya rəsmlərinə (e.ə. VII-I minilliklər) qədər getdiyi qəbul edilməkdədir. Qədim naxçıvanlıların dünyagörüşünü, bədii-estetik təfəkkürünü əks etdirən bu rəsmlərdə onların təsərrüfat həyatı və məişəti (ov, mərasim, rəqs səhnələri, süjetli daş oymalar, keçi, öküz, maral, quş və s. heyvan təsvirləri, müxtəlif piktoqrafik işarələr) əbədiləşmişdir. Ərazidən tapılmış maddi mədəniyyət nümunələri, xüsusilə Əlincəçay vadisindəki Zoğala yaşayış yerindən tapılmış sütun altlıqları, orijinal tunc qrifon fiqurları (VI-VII əsrlər), Cavanşirin tunc heykəli və s. sənət əsərləri Naxçıvanda təsviri sənətin qədimdən mövcud olduğunu sübut edir.

Orta əsrlərdə bütün Yaxın Şərqdə olduğu kimi, Naxçıvanda da professional rəssamlıq sənəti formalaşmamış, həmçinin xəttatlıq, nəqqaşlıq və kitabşünaslıq xeyli inkişaf etmişdir. Nəşəvi Həddad ibn Asim (XI əsr), İzzəddin Əbülfəzl Dövlətşah əs-Sahibi (XII əsr), Ətiq Ordubadi, Mirzə Məhəmməd Ordubadi (XVI-XVII əsrlər), görkəmli şair Usta Zeynal Nəqqaş (XIX əsr) və b. dövrlərinin mahir sənətkarları olmuşlar.

Naxçıvanda professional rəssamlığın təşəkkülü Bəhruz Kəngərlinin (1892-1922) adı ilə bağlıdır. Realist Azərbaycan rəssamlığının banisi Bəhruz Kəngərlinin əsərlərində dövrün koloriti, öncül mövzuları əksini tapmışdır. Onun yaradıcılığında mənzərə və portret janrları üstünlük təşkil edir. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı nəticəsində doğma yurdundan didərgin düşmüş azərbaycanlıların portretlər silsiləsi təkcə rəssamın yaradıcılığında deyil, həm də Azərbaycan boyakarlığında əhəmiyyətli yer tutur.

Naxçıvanda son 80 ildə incəsənətin başqa sahələri ilə yanaşı, təsviri sənət də uğurla inkişaf etmişdir. Məşhur Azərbaycan və türk boyakarı İbrahim Səfi, xalq rəssamları Hüseyn Əliyev və Elmira Şahtaxtinskaya, əməkdar incəsənət xadimi Əyyub Hüseynov, əməkdar rəssam Cəmil Müfidzadə bu torpağın yetirmələridir. Əməkdar incəsənət xadimləri Şamil Qazıyev, Əyyub Fətəliyev əsasən teatr rəssamı kimi tanınmışdır. Şamil Qazıyevin 1931-ci ildə çəkdiyi “Çoban” portreti Moskvadakı Tretyakov qalereyasında saxlanılır.

Naxçıvan Muxtar Respublikasında hazırda Rəssamlar Birliyi fəaliyyət göstərir. Naxçıvan Dövlət Rəsm qalereyasında və Rəssamlar Birliyinin sərgi salonunda görkəmli rəssamların əsərləri nümayiş etdirilir, yaradıcılıqları təbliğ olunur. 2012-ci ildən başlayaraq iki ildən bir keçirilən “Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalının Naxçıvanda rəssamlıq sənətinin inkişafı və tanıdılmasında böyük rolu vardır.

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018