Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilib

      Noyabrın 30-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər “Gənclik” Mərkəzində “Beynəlxalq Əlillər Günü” ilə bağlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə “Gənclik” Mərkəzinin foyesində təşkil olunmuş uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Sonra tədbiri giriş sözü il Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşdırılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Bütün bunların bariz nümunəsini Naxçıvan Muxtar Respublikasının timsalında görmək mümkündür. Muxtar respublikamızda uşaqların sağlam böyümələri və təhsil almaları üçün hər cür şərait yaradılmışdır. Bu gün muxtar respublika əhalisinin 35 faizdən çoxunu uşaqlar təşkil edir.

Qədim diyarımızda uşaqların intellektual, fiziki və psixoloji inkişafının, onların şəxsiyyətinin hərtərəfli formalaşması, uşaqların mədəni yaradıcılıq mühitində böyüməsi və idmanla məşğul olması üçün hər cür şərait yaradılmışdır.

Qeyd olunub ki, uşaqların istedadlarının üzə çıxarılması, asudə vaxtlarının düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu mənada muxtar respublikada fəaliyyət göstərən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Uşaq Filarmoniyası, Uşaq Kitabxanası, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, muzeylər kimi mədəniyyət ocaqları xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq “Gənc istedadların Qızıl kitabı”nın təsis edilməsi, 8 istedadlı uşağın adının bu kitaba yazılması və onlara xüsusi aylıq təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası istiqamətində də kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası da bu istiqamətdə qəbul edilən mühüm dövlət sənədlərindəndir.

Vurğulanıb ki, Dövlət Proqramının icrası ilə bağlı sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması daim diqqətdə saxlanılır.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi də Dövlət Proqramından irəli gələn vəzifələri yerinə yetirməyə çalışır, proqramın icrası istiqamətində fəal işlər aparır. Belə ki, həmin kateqoriyadan olan uşaqların tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilir, onlar üçün film, konsert proqramı və tamaşalar nümayiş olunur, yaradıcı uşaqların üzə çıxarılması məqsədilə müsabiqələr keçirilir. Müxtəlif kateqoriyalardan olan uşaqların iştirakı ilə solo konsert və tamaşalar hazırlanır, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir. A.Babayev adına Uşaq Kitabxanası bu qəbildən olan uşaqların ailələrinə səyyari kitabxana xidməti göstərir.

Sağlamlıq imkanları məhdud uşaqların Naxçıvan Musiqi Kolleci, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə cəlbi sahəsində də işlər davam etdirilir. Hazırda sağlamlıq imkanları məhdud uşaqların 104 nəfəri haqqında məlumat nazirliyin məlumat bazasında qeydiyyatdadır.

Bu gün “3 dekabr - Beynəlxalq Əlillər Günü” münasibətilə təşkil olunan konsert proqramı və sərgi də bu istiqamətdə aparılan işlərin məntiqi davamıdır. Bütün bunlar həm də onu göstərir ki, Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi kompleks halında bəhrəsini verir, onların cəmiyyətə inteqrasiyası istiqamətində yeni keyfiyyət dəyişikliyi yaranır. Proqramdan irəli gələn vəzifələr bundan sonra da davamlı şəkildə yerinə yetiriləcəkdir.

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov çıxış etmişdir. Nazir çıxışında bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların inkluziv təhsil imkanlarının genişlənməsinə və cəmiyyətin inteqrasiyasına əlverişli şərait yaradıb. Bu ilin ötən dövründə də Dövlət Proqramın icrası diqqətdə saxlanılıb.

Nazir çıxışının sonunda sağlamlıq imkanları məhdud uşaqlara peşə təhsilində, musiqi təhsilində və keçirilən müsabiqələrdə uğurlar arzulayıb.

Sonra uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin ifasında konsert olub. Konsertdə şagirdlərin ifasında ritmik muğam, xalq rəqsləri, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Cahangir Cahangirov, Tofiq Quliyev, Vasif Adıgözəlov və başqalarının müxtəlif janrlı əsərləri səsləndirilmişdir. Şagirdlərdən Elməddin Əliyev, Elnarə Quliyeva, Cəsarət Əsədov, Arzu Hüseynova, Mahmud Hacıyev başqalarının ifaları alqışlarla qarşılanıb.










Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018