Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Qədim musiqi alətlərinin təqdimatı olub

      Avqustun 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da mədəniyyətin və musiqi sənətinin professional formada inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Qədim tarixə və zəngin ənənələrə malik olan Naxçıvan musiqi sənəti məhz bu diqqət və qayğı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, yallı və rəqslərimiz Naxçıvan Dövlət Filarmoniyası kollektivlərinin ifasında artıq bir sıra dünya ölkələrində sevilə-sevilə dinlənilir, izlənilir, bu ifalar könülləri fəth edir.

Qeyd edilib ki, filarmoniyada 7 kollektivdə professional ifaları ilə geniş ictimaiyyətin rəğbətini qazanmış 200-ə yaxın sənət adamı fəaliyyət göstərir. İstedadlı gənclərin filarmoniyaya cəlb edilməsi işi də diqqətdə saxlanılır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə, folklor ansambllarına geyim dəstlərinin, paltarlarının, musiqi alətlərinin, musiqi texnikasının təqdim olunması ənənəyə çevrilib. Naxçıvan Dövlət Filarmoniyasına son illər ərzində milli və Avropa istehsalı olan musiqi alətləri verilib, musiqi kollektivləri və solistləri geyim dəstləri ilə təmin ediliblər.

Nazir qeyd edib ki, bu gün filarmoniyaya 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunur. Bu alətlər içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər filarmoniyada ilk dəfə istifadə ediləcək. Hədiyyə edilən qədim musiqi alətləri filarmoniya üzvlərinin peşəkar ifaçılığına, nəticə etibarilə, konsert proqramlarının professional formada təqdiminə böyük imkan verəcəkdir. Bundan başqa, həmin qədim musiqi alətləri musiqi mədəniyyətimizin təbliği və tanıdılmasında da müstəsna əhəmiyyət kəsb etməkdədir. Belə ki, həm ifaçılar, həm də konsert proqramlarının iştirakçıları həmin qədim musiqi alətləri, eləcə də ondan istifadə haqqında müvafiq bilik və təsəvvürə yiyələnə biləcəklər.

Natəvan Qədimova bu münasibətlə filarmoniya kollektivlərini təbrik edib və onlara yeni yaradıcılıq uğurları arzulayıb. O, milli musiqi sənətimizin, ümumilikdə, milli dəyərlərimizin yaşadılması və təbliğinə göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından dərin ­minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov çıxış ediblər.

Sonda tədbir iştirakçıları təqdimatı keçirilən qədim musiqi alətləri ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
31.08.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019