Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Avqust ayında keçirilən mədəni tədbirlər
əhali tərəfindən maraqla qarşılanıb

      Avqust ayında da muxtar respublikanın mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə, eləcə də Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi, Cəmşid Naxçıvanskinin anadan olmasının 124-cü ildönümü, Ərtoğrol Cavidin 100 illik yubileyi, Dövlət Bayrağı Muzeyində muzeyin yaradılmasının 5 illiyi ilə bağlı mədəni-kütləvi tədbirlərin keçirilməsi davam etdirilmişdir.

Avqust ayının 1-də Nazirliyin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” münasibətilə tədbir keçirilmiş, əlamətdar günə həsr olunmuş sərgi hazırlanmışdır. Bundan əlavə əlamətdar günlə bağlı digər kitabxanalar tərəfindən də analoji tədbirlər keçirilmişdir.

Avqust ayının 2-də Naxçıvan Dövlət Film Fondunda “Milli Kino Günü” münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə Azərbaycan bədii filmlərinin afişalarından ibarət sərgiyə baxış olmuşdur. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra 1923-cü ildə ekranlaşdırılmış tammetrajlı “Qız qalası əfsanəsi” səssiz bədii filmi nümayiş olunmuşdur.

Ötən ay Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına 18 adda 20 sayda hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimat mərasimi keçirilmişdir. Təqdim olunan qədim musiqi alətlərindən bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər filarmoniyada ilk dəfə istifadə ediləcəkdir. Bu qədim musiqi alətlərinin filarmoniyaya hədiyyə edilməsi ictimaiyyət nümayəndələri və ziyalılar tərəfindən zəngin musiqi mədəniyyətimizin yaşadılması və təbliğinə böyük töhfə kimi dəyərləndirilmişdir.

Avqust ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2 avqust 2019-cu il tarixli Sərəncamına uyğun olaraq, qocaman mədəniyyət ocağının 95 illik fəaliyyəti ilə bağlı müvafiq iş aparılmışdır.

Ötən ay muxtar respublikanın muzeylərinin fəaliyyətinin daha təkmil formada təşkili məqsədilə muzey əməkdaşlarına lazımi əməli və metodik köməkliklər göstərilmişdir. Bütün bu tədbirlərin nəticəsi olaraq, muzey işinin təşkili müasir tələblər səviyyəsində aparılmaqdadır. Bu da, öz növbəsində, milli mədəniyyətimizi və qədim tariximizi müasir günümüzdə təbliğ edən muzeyləri ziyarət edənlərin sayının artmasına səbəb olmuşdur. Belə ki, ay ərzində muxtar respublika sakinləri ilə yanaşı, ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən muxtar respublikamıza səfər edən qonaqlar olmaqla, muzeylərimizi 59 min 790 nəfərdən çox tamaşaçı ziyarət etmişdir. Muzey ziyarətçilərinin 22 mindən çoxu əcnəbi vətəndaş olmuşlar.

Avqust ayında kitab mütaliəsinin kütləviləşməsi və insanların kitab oxunmasına cəlb edilməsi işi də diqqətdə saxlanılmışdır. Belə ki, muxtar respublikanın əksər kitabxanalarında və klub müəssisələrində kitab müzakirələri və "Mütaliə Gün"ləri, "Nağıl Gün"ləri keçirilmiş, kitab sərgiləri təşkil edilmiş, "Yay oxu zalı"nın fəaliyyəti davam etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin C.Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamının icrası istiqamətində ötən ay A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası tərəfindən Naxçıvan şəhərindəki yaşayış binalarının həyətində keçirilən “Sizi deyib gəlmişəm” adlı kitab sərgiləri şəhər sakinləri tərəfindən maraqla qarşılanmış, kitab mütaliəsinə dəyərli töhfə kimi qiymətləndirilmişdir.

Səyyar kitabxana xidmətinin təşkili ilə bağlı aparılmış iş ötən ay da davam etdirilmiş, ümumilikdə, 22 nəfərə göstərilmiş səyyar kitabxana xidməti kitabsevərlərin sevincinə səbəb olmuşdur.

Avqust ayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 2 adda 18 nüsxə çap məhsulu daxil olmuş və həmin kitablar təyinatı üzrə müvafiq kitabxanalara paylanmışdır. Ümumilikdə isə, muxtar respublikanın kitabxanalarına 50 adda 59 nüsxə çap məhsulu daxil olmuşdur.

Bütün bu tədbirlərin əməli nəticəsi olaraq, ay ərzində kitabxanalarda yeni oxucu sayı 258 nəfər, oxucu gəlişi 3 min 726 nəfər, kitab verilişi 10 min 475 nüsxə təşkil etmişdir. Elektron kataloqa işlənmiş kitab sayı isə 590-dır. Ümumilikdə, virtual oxu üçün elektron kataloqda kitabların sayı 12 min 658-dən 13 min 248-ə çatdırılmışdır. Şəbəkəyə isə 47 kitab (PDF) işlənilməklə, elektron kitabların ümumi sayı 2 min 520-yə qədər artmışdır. Avqust ayında virtual oxucu sayında da artım müşahidə edilmiş, oxucu sayı 146 nəfər olmuşdur.

Ay ərzində klub müəssisələrində tarixi və əlamətdar günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 7 fevral 2009-cu il tarixli Sərəncamına uyğun olaraq, Ordubad rayonunun Dırnıs kəndində “Xalq yaradıcılığı günü” keçirilmişdir. Ötən ay da muxtar respublikanın rayonlarında fəaliyyət göstərən klub müəssisəsi əməkdaşlarına mədəniyyət evi və klublarda dərnək fəaliyyətinin və mədəni-kütləvi tədbirlərin təşkili ilə bağlı əməli köməkliklər davam etdirilmişdir.

Muxtar respublikanın bölgələrində fəaliyyət göstərən rayon mədəniyyət şöbələrinin təşkilatçılığı ilə keçirilən konsert proqramları rayon sakinləri tərəfindən alqışlarla qarşılanmışdır.

Ötən ay Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Elçin Əfəndiyevin “Teleskop” və Aleksandr Serqeyeviç Qriboyedovun “Ağıldan bəla” əsərləri əsasında hazırlanan tamaşaların, Naxçıvan Dövlət Uşaq Teatrında isə Nuray Nəzərovanın “Mavi işıq” əsəri əsasında hazırlanmış eyniadlı tamaşasının məşqlərini davam etdirilmişdir.

Gənclər arasında milli mədəniyyətimizin və tanınmış şəxsiyyətlərin ömür yolunun təbliği məqsədilə gənclərin Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə, M.T.Sidqinin, Akademik Y.Məmmədəliyevin və M.S.Ordubadinin Ev muzeylərinə ekskursiyası təşkil edilmişdir.

Azərbaycan Kinosu Günü çərçivəsində Babək rayonunun Yarımca, Ordubad rayonunun Tivi və Şahbuz rayonunun Qızıl Qışlaq kənd mərkəzlərində kənd ictimaiyyətinə nümayiş etdirilən Azərbaycan filmləri kənd sakinlərinin marağına səbəb olmuşdur.

Muxtar respublikada mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keşirilməsi ənənəvi hal almışdır. Bu ənənənin davamı olaraq, avqust ayında Naxçıvan Dövlət Uşaq Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidovun 60 illik yubileyi qeyd edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
31.08.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019