Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Dram kollektivlərinin ifaçılıq müsabiqəsi”nin əsas turu olmuşdur

      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikamızda ilk dəfə olaraq dram kollektivlərinin ifaçılıq müsabiqəsi keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd gənc istedadların üzə çıxarılması, gənclərin yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Müsabiqənin keçirilməsi üçün müvafiq əmr imzalanmış və tələb olunan sənədləşmə işləri aparılmışdır. Təsdiq olunmuş əsasnaməyə əsasən iyun ayında kollektivlərin qeydiyyatı aparılmış və münsiflər heyəti yaradılmışdır.

Müsabiqənin seçim turunda Naxçıvan şəhərindən 9, Ordubad rayonundan 6, Babək rayonundan 3, Şahbuz rayonundan 3, Culfa rayonundan 2, Kəngərli və Sədərək rayonlarından 1 kollektiv iştirak etmişdir. Müsabiqənin seçim turunda ümumilikdə 25 kollektiv iştirak etmişdir. Dram kollektivlərinin ifaçılıq müsabiqəsinin seçim turunun birinci mərhələsi bu ilin 16 oktyabrında Naxçıvan şəhərində olmuşdur. Naxçıvan şəhəri, Culfa və Sədərək rayonlarından 12 dram kollektivi iştirak etdiyi bu turda Naxçıvan şəhərindən “Nur” və “Sabit”, Culfa rayonundan isə “Haçadağ” kollektivləri əsas tura vəsiqə qazana bilmişlər.

17 oktyabrda yenidən Naxçıvan şəhərində davam etdirilən seçim turunun ikinci mərhələsində isə Babək, Şahbuz və Kəngərli rayonlarından ümumilikdə 7 dram kollektivi iştirak etmişdir. Bu seçim turunda isə Babək rayonundan “Gənclik” və “Səbinə” kollektivləri fərqlənmişlər.

Seçim turunun son mərhələsi isə oktyabr ayının sonlarında Ordubad Rayon Mədəniyyət Evində keçirilmişdir. Rayonun 6 dram kollektivinin iştirak etdiyi bu turda “Gilançay” dram kollektivi əsas turda iştirak etmək hüququ qazanmışdır.

Beləliklə “Dram kollektivlərinin ifaçılıq müsabiqəsi”ndə Naxçıvan şəhərindən 2, Babək rayonundan 2, Ordubad və Culfa rayonlarından hər birindən 1 kollektiv olmaqla 6 dram kollektivi iştirak etmişdir.

Noyabrın 28-də isə Naxçıvan Dövlət Uşaq Teatrının səhnəsində müsabiqənin əsas turu olmuşdur. Əsas turda Naxçıvan şəhərindən “Üfüq” və “Sabit” dram kollektivləri, Babək rayonundan “Gənclik” və “Səbinə” dram kollektivləri, Ordubad rayonundan “Gilançay”, Culfa rayonundan isə “Haçadağ” dram kollektivləri iştirak etmişlər. Kollektivlər tərəfindən maraqlı səhnəciklər təqdim olunmuşdur. Münsiflər heyətinin qərarına əsasən Culfa rayonunun “Haçadağ” dram kollektivi I yerə, Babək rayonunun “Səbinə” dram kollektivi II yerə, Babək rayonunun “Gənclik” dram kollektivi isə III yerə layiq görülmüşlər.

Dram kollektivlərinin ifaçılıq müsabiqəsi yaxın günlərdə mükafatlandırma mərasimi ilə başa çatacaqdır.










Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018