Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” qeyd olunub

      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyul ayının 30-da “Ana dili” abidəsinin qarşısında “1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”ilə bağlı tədbir təşkil olunub.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin, Nazirliyin tabeliyində olan mədəni-maarif müəssisələrinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova açıb.

Nazir qeyd edib ki, dünyanın qədim və zəngin tarixə malik dillərindən olan Azərbaycan dili minillərin sərt sınaqlarından keçərək xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir.

Çıxışda vuğulanıb ki, dilimizin saflığı və yaşaması uğrunda mübarizə XIX əsrin əvvəllərindən XX əsrin ortalarına qədər davam etsə də, onun dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dili statusuna malik olmasına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə və nüfuz qazanmasına böyük qayğı göstərmişdir. Həmin dövrdə Azərbaycan dilinin qrammatik quruluşunun elmi şəkildə öyrənilməsinə başlanılmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr olunmuşdur.

Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə ikinci qayıdışından sonra Azərbaycan dilinin inkişafına dövlət qayğısı davam etdirildi. Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərmanı, eləcə də 2003-cü il 2 yanvar tarixli Fərmanı ilə qəbul olunmuş “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm dövlət sənədləridir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət dil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar və “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 2007-ci il 24 avqust tarixli sərəncamları, həmçinin, ölkə başçısının 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.

Nazir qeyd etmişdir ki, muxtar respublikamızda ən ali milli dəyərimiz olan dövlət dilimizin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir. İstər danışıq, istərsə də yazı dilindən düzgün istifadə olunması, ana dilimizin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi, təbliğ olunması diqqət mərkəzində saxlanılır. Son illər muxtar respublikada Ali Məclis Sədrinin tapşırığı ilə nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Tədbirin davamında çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov Azərbaycan dilinin qədim və zəngin tarixindən, zamanın sərt sınaqlarından keçərək mənəvi dəyərlərimizi özündə əks etdirməyi bacaran ana dilimizin zənginliyindən, poetik ifadəliyindən bəhs etmişlər. Vurğulanıb ki, dilimizin saflığını qorumaq, onu inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq üçün mühafizə etmək hər bir azərbaycanlının əsas vəzifələrindən biridir.

Sonda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ana dilimizə həsr olunmuş şeirlər səsləndirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
30.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020