Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Festival-müsabiqə keçirilib

      Noyabrın 29-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən tələbə teatr studiyaları arasında festival-müsabiqə keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Piri Nağıyev muxtar respublikada mədəniyyət sahələrinə göstərilən dövlət qayğısından bəhs etmişdir. Bildirilmişdir ki, bu gün muxtar respublikada həyata keçirilən quruculuq işləri mədəniyyət və təhsil sahəsini də əhatə etmişdir. Bu gün yerlərdə fəaliyyət göstərən klub müəssisələrində dram dərnəklərinin, xalq teatrlarının fəaliyyəti, ali və orta ixtisas təhsili müəssisələrində aktyor sənəti və bədii yaradıcılıq işi ixtisası üzrə tələbələrin yetişdirilməsi, həmçinin tələbə teatr studiyalarının fəaliyyət göstərməsi Mədəniyyət Nazirliyinin tabeliyində olan dövlət teatrları üçün kadr hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edilmişdir ki, cari ilin aprel ayında elan olunan festival-müsabiqəyə xalqımızın tarixini, adət-ənənənəsini, folklorunu, müasir günümüzdə gedən inkişaf, quruculuq işlərini dünya və Azərbaycan pedaqogika tarixinin görkəmli nümayəndələrinin əsər və hikmətli fikirlərini əks etdirən, həmçinin vətənpərvərlik mövzusunda 30-60 dəqiqəlik tamaşa və kompozisiyalar təqdim edilmişdir.

Müsabiqənin məqsədi tələbə gənclərin asudə vaxtının səmərəli təşkili, onlarda bədii zövqün formalaşdırılması, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr arasında olan istedadlı gənclərin üzə çıxarılması, tələbələrdə teatr sənətinə maraq yaradılması və gəncləri xalqımızın milli-mənəvi dəyərlərini öyrənməyə həvəsləndirməkdən ibarətdir.

Sonra festival müsabiqəyə təqdim olunan tamaşa və kompozisiyalar təqdim olunub. Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyası Gülxarə Əhmədova tərəfindən hazırlanan Nəbi Xəzrinin “Burla Xatın”, “Naxçıvan” Universitetinin Tələbə Teatr Studiyası Zakir Fətəliyev tərəfindən səhnələşdirilən “Ayrılarmı könül candan!”, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Teatr Studiyası Həsənəli Eyvazlı tərəfindən səhnələşdirilən “Ruhların görüşü”, Naxçıvan Texniki Kollecinin Tələbə Teatr Studiyası Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri əsasında Aysu Dünyamalıyeva tərəfindən səhnələşdirilən eyniadlı tamaşa və Naxçıvan Musiqi Kollecinin Tələbə Teatr Studiyası Tofiq Seyidovun “Vaqif” əsəri əsasında Nurbəniz Niftəliyeva tərəfindən hazırlanan tamaşaları təqdim etmişlər.

Qeyd edək ki, festival müsabiqənin qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək və qaliblər yekun tədbirdə mükafatlandırılacaqdır.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.11.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019