Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Hamiliklə bağlı dəyirmi masa keçirilib

      Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli 306-04/S nömrəli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin müvafiq Tədbirlər Planına əsasən oktyabr ayının 29-da Naxçıvan Dövlət Tarix Muzeyində “Milli-mədəni irsimizin saxlanc yeri olan muzeylər və kadr hazırlığının aktual məsələləri”mövzusunda dəyirmi masa keçirilib.

Nazirliyin sisteminə daxil olan muzeylərin rəhbər və əməkdaşlarının, o cümlədən Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müəllimlərinin və həmin ixtisas üzrə təhsil alan tələbələrin iştirak etdiyi dəyirmi masanı Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açaraq bildirib ki, ali və orta ixtisas təhsili məktəblərindəki ixtisasların hamiliyə verilməsi kadr potensialının dəstəklənməsi ilə yanaşı, həm də gənclərin istedadlarının üzə çıxarılması, ideyalarının diqqətə alınması və ilkin startap təşəbbüslərinin dəstəklənməsi sahəsində mühüm addımdır.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamı muzeyşünaslıq ixtisası üzrə təhsili alan tələbələrin muzey və muzeytipli müəssisələrdə təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Sərəncamda nəzərdə tutulan vəzifələrin uğurlu icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi müəyyən işlər həyata keçirib və bu gün təşkil olunmuş dəyirmi masa da həmin tədbirlərin davamıdır. 2019-cu il ərzində tələbələr üçün 5 açıq dərsin təşkil olunduğunu bildirən Qumral Əsədova onu da qeyd edib ki, il ərzində açıq dərslərin, dəyirmi masaların, konfransların və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Sonra dəyirmi masanın iştirakçıları Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Zenfira Seyidova, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli və Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müəllimi Nərmin Orucova mövzu ilə bağlı müzakirə aparıblar.

Tədbirin davamında dəyirmi masa iştirakçıları tamaşaçıların suallarını cavablandırıb.

Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illiyinə həsr olunmuş sərgiyə baxış keçirildikdən sonra tədbir yekunlaşıb.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.10.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019