Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Naxçıvan Dövlət Musiqili Dram Teatrı Kəngərli rayonunda qastrol səfərində olub

      Oktyabrın 29-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Kəngərli rayonuna qastrol səfəri təşkil olunub. Səfər zamanı rayon mədəniyyət sarayında C.Məmmədquluzadənin əsərləri əsasında hazırlanmış “Ölülər və dəlilər” tamaşası göstərilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında”, eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamlarına uyğun olaraq ölkəmizdə, o cümlədən muxtar respublikada silsilə tədbirlər keçirilir. Naxçıvan teatrının qurucularından biri olan C.Məmmədquluzadənin 150 illik yubileyi münasibəti ilə ədibin adını daşıyan musiqili dram teatrında onun əsərləri əsasında “Ölülər və dəlilər” tamaşası hazırlamışdır.

Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov ədibin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyeslərini bir mövzu üzərində birləşdirərək maraqlı tamaşa yaratmağa nail olmuşdur. “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” müxtəlif illərdə teatrımızda tamaşaya qoyulmuşdur. “Ər” pyesi isə akademik İsa Həbibbəyli tərəfindən 1987-ci ildə yazıçının arxivindən tapılaraq çap etdirilmişdir.

Tamaşadakı bu 4 pyesdəki obraz və personajların bir çoxu ilə rastlaşırıq. “Ölülər və dəlilər” tamaşasında Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoy, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Əli Əliyev, Bəhruz Haxverdiyev, Əbülfəz İmanov və teatrın gənc yaradıcı qüvvələri də rol almışlar. Tamaşanın quruluşçu rejissorları, Azərbaycan Respublikasının Əməkdar artistləri Tofiq Seyidov, Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı Ariz Ağayevdir.

Tamaşa rayon sakinləri tərəfindən maraqla qarşılanmışdır.




Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.10.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019