Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Onlayn konsertlər davam etdirilir

      İyulun 29-da Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin onlayn konserti olub. Konsert proqramında dünya və Azərbaycan bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib.

Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri filarmoniya yaradılarkən onun tərkibində fəaliyyətə başlayan ilk orkestrlərdən biri olmuşdur. Kollektivin tanınmış müğənni və xanəndələrinin ifalarını musiqisevərlər həmişə rəğbətlə qarşılayırlar. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir.

Onlayn konsertdə Naxçıvan Dövlət Filarmoniyasının solistlərindən Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Zülfiqar Mahmudov Qəmbər Hüseynlinin “Yar yolunda” mahnısını, Azər Cəfərli Şəfiqə Axundovanın “Vətənim Azərbaycan” mahnısını, Hünər Əliyev Cahangir Cahangirovun “Koroğlu” kinofilmindən “Aşıq Cununun” mahnısını, Elçin Nağıyev (yeni nəslin nümayəndələrindən olan Nağı Nağızadə ilə birlikdə) Ernesto de Kurtisin “Sorrentoya qayet” əsərini, müğənnilərdən İlkin Abdullayev Üzeyir Hacıbəylinin “Sənsiz” romansını, Nərmin Hüseynova Tofiq Əhmədovun “Güldür məni” və Samir İsmayılov Niyazinin “Vətən nəğməsi” mahnılarını ifa ediblər.

Konsert proqramında Toğrul Həsənov Həsən Rzayevin “Cahargah rapsodiyası”nı, Sərxan Abdullayev isə Hacı Xanməmmədovun 1-ci konsertinin I hissəsini tarda təqdim ediblər.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevin bəstəkar Ramiz Mirişlinin ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Məşəl kimi yanan ürək” mahnısı ilə başa çatan onlayn konsert təqribən bir saata yaxın davam edib. Bugünkü proqram da təqdim edilmiş digər onlayn konsertlər kimi Naxçıvan Dövlət Televiziyasından və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet resurslarında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn formada təqdim edilən mədəni tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır və insanların asudə vaxtlarının səmərəli təşkilinə əməli töhfədir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020