Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Tələbələrlə görüş keçirilib

      Fevralın 28-də Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Motivasiya formalaşdırıcı fəaliyyətin əsas şərtidir” mövzusunda görüş keçirilib.

Naxçıvan Musiqi Kollecinin tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov açaraq görüşün mahiyyəti barədə məlumat vermişdir.

Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, psixoloq Çapay Quliyev mövzu ilə əlaqədar mühazirə söyləmişdir. Qeyd edilmişdir ki, motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir. Təlimdə motivasiya təhsilalanlarla əlaqəli olub, onları təlim prosesində iştirak etmək arzuları ilə təmin edir. Fəaliyyətsizlik, zəif motivasiya ilə müşayiət olunan təlimdə təhsilalanlar özləri özlərini ruhlandırmaqda çətinlik çəkirlər.

Yüksək motivasiya olunmuş öyrənənlərlə qoyulmuş məqsədlərə, təlimin nəticələrinə yiyələnmək mümkün və asan olduğu halda, zəif motivasiya edilmiş öyrənənlərlə təlimin məqsədlərinə nail olmaq çətinləşir. Fəal təlim prosesində motivasiya açar rolunu oynayır və ən güclü təhrikedici, təsiredici bir faktordur. Müəyyən bir təlim üçün nəzərdə tutulan situativ motivasiyadan, hər hansı konkret bir təlimin strukturundan deyil, daha çox motivasiyanın psixoloji amil kimi əhəmiyyəti, onun növləri və öyrənənlərdə yaranma səbəbləri, təlimdə təzahür formaları, təlim prosesinə təsiri, davamlılığı, nəticələri haqqında bəhs edilmişdir.

Tədbirdə mühazirəçi ilə tələbələr arasında qurulan maraqlı diskusiyada motivasiyanın növləri-yaxın və uzaq motivasiya, şəxsiyyətin formalaşmasinda düzgün motivasiya, təhsil müddətində tələbə fəallığı, gənc nəslin cəmiyyətə uyğunlaşması prosesində fəal mövqenin rolu haqqında ətraflı fikir mübadiləsi aparılmış, müəllim və tələbələri maraqlandıran suallar mühazirəçi tərəfindən cavablandırılmışdır.

Qeyd edək ki, bu cür görüşlərin növbəti aylarda da keçirilməsi nəzərdə tutulur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.02.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020