Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Beynəlxalq Kino Günü” münasibəti ilə gənclər üçün
film nümayişi təşkil olunub

      Dekabrın 28-də “Beynəlxalq Kino Günü” münasibətilə Nazirliyin Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə giriş sözü ilə açan Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif Seyidov qeyd etmişdir ki, dekabrın 28-də dünyada Beynəlxalq Kino Günü qeyd olunur. 1895-ci il dekabrın 28-də Lui və Oqyust Lümyer qardaşları Parisin Kapusin bulvarındakı balaca kafedə ilk dəfə özlərinin çəkdikləri qısametrajlı filmlərin pullu nümayişini təşkil ediblər. Filmlərin arasında 46 saniyəlik “Fəhlələrin Lümyer fabrikindən çıxması” filmi də var idi. Lümyer qardaşları hesab edirdilər ki, kino həyat səhnələrinin nümayişindən başqa bir şey deyil və olmayacaq. Ona maraq tezliklə sönəcək. Lakin bəşəriyyət xroniki sinematoqraf xəstəliyinə tutuldu. Kino körpə uşaq kimi, əvvəlcə danışa bilmirdi. Tamaşaçıları aktyorların hərəkətləri, üz-gözünü büzməsi ilə əyləndirirdi. Çoxları kinonun yaranması ilə teatrın məhv olacağını deyirdi. Yaxşı ki, həyat bu ehtimalı təkzib etdi. Siyasətçilər kinonun böyük gücə malik olmasını hamıdan əvvəl anlamışlar. Onlar Lümyer qardaşlarının ixtirasının köməyi ilə kütlələrə təsir etməyin mümkün olduğunu görürdülər.

Tədbirdə Rüfət Həsənovun rejissorluğu ilə çəkilən “Yoxdur belə söhbət” filminin nümayiş etdirilmişdir. Film 2017-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmişdir. Film iki həvəskar musiqiçi olan Kamran və Məcnunun təsadüfən nənə-nəvə olan Tamilla və Sara ilə tanışlığından və onların gözlənilməz əhvalatından bəhs edir. Gözlənilməz bir hadisə nəticəsində tanınmış idman şərhçisi özünü tapmamış rok musiqiçi ilə, Altsheymer xəstəliyindən əziyyət çəkən nənə isə qrafiti həvəskarı ilə Yeni İl gecəsini birlikdə keçirmək məcburiyyətində qalırlar.

Baş rollarda Günəş Mehdizadə, Həsən Ağa, Emil Məcnunov, Tünzalə Qəhrəmanın olduğu romantik-komediya janrında olan filmin ssenari müəllifləri Kamal Həsənov, Rüfət Həsənov və Asif Rüstəmovdur. Filmdə Uran qrupunun “Yenə də fırlanır”, Dədə baba – “Dağların başı”, İsrail Məmmədov – “Şəlaləm”, Kim Seoq – “Anadır arzulara hər zaman Qarabağ” və s. mahnılar səslənir.

Film gənclər tərəfində maraqla qarşılanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.12.2020













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021