Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Mədəniyyət Nazirliyində kollegiya iclası keçirilib

      İyulun 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova məruzə ilə çıxış edərək bildirib ki, nazirlik tərəfindən yanvar-mart aylarında ənənəvi qaydada, aprel-iyul aylarında pandemiya dövrünə uyğun xüsusi qaydalara ciddi riayət edilməklə onlayn mədəni tədbirlərin keçirilməsi diqqətdə saxlanılmışdır. Yanvar-iyun aylarında əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərin anım günləri və yubileyləri ilə bağlı mədəni tədbirlər keçirilmiş, konsert proqramları və tamaşalar nümayiş etdirilməklə sakinlərin asudə vaxtının səmərəli təşkilinə çalışılmışdır.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Məktəblilərin dram müsabiqəsi” keçirilmiş, müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.

Vurğulanıb ki, dövr ərzində Naxçıvan Dövlət Filarmoniyasının “Muğam üçlüyü”nün, “Simli kvarteti”nin, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, “28 May – Respublika Günü”nə həsr olunmuş Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin, “15 İyun – Milli Qurtuluş Günü” münasibətilə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin, Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinə həsr olunmuş Naxçıvan Dövlət Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin, Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının konserti, Naxçıvan Dövlət Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin hesabat konserti, filarmoniyanın solistlərindən vokalist İlkin Abdullayevin, skripka ifaçısı Cahangir Qurbanovun, saksofon və klarnet ifaçısı Rəşad Əmiyevin onlayn solo konsertləri təşkil olunmuşdur. Beləliklə, aprel-iyul ayları ərzində, ümumilikdə, 10 onlayn konsert keçirilmişdir.

“Hesabat dövrü ərzində onlayn tamaşaların da nümayişinə başlanılmışdır”, – deyən nazir əlavə edib ki, ölkə mədəniyyəti üçün əlamətdar hadisə kimi qeyd olunan C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı tərəfindən Nəbi Xəzrinin “Burla Xatun” əsəri, Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı, A.S.Qriboyedovun “Ağıldan bəla” əsəri, Xalq yazıçısı E.Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaları və C.Cabbarlının “Aydın” pyesi əsasında hazırlanmış tamaşadan bir hissə onlayn teatrsevərlərə təqdim edilmişdir. Həmçinin, balaca teatrsevərlərin də marağı nəzərə alınaraq M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı tərəfindən “Buratino”, “Qoğalın sərgüzəşti”, “Ələddinin sehrli çırağı”, “Göyçək Fatma”, “Tıq-tıq xanım” və “Qızıl xoruz” pyesləri əsasında hazırlanan eyniadlı tamaşalar onlayn formatda balaca tamaşaçılara təqdim edilmişdir.

Ümumilikdə dövr ərzində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram və M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla teatrları tərəfindən tamaşaçılara 11 sayda onlayn tamaşa nümayiş olunmuşdur.

Nazir diqqətə çatdırıb ki, onlayn formada təqdim edilən konsert və tamaşalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

Aprel-iyul aylarında nazirliyin tabeliyində fəaliyyət göstərən muzeylərdə 9 onlayn ekskursiya keçirilmiş, bu ekskursiyalar Naxçıvan televiziyasından, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nmn.az saytından və nmr_medeniyyet_nazirliyi İnstagram səhifəsindən canlı olaraq yayımlanmışdır.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında” 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrası ilə əlaqədar aprel ayında Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə Məmməd Məmmədovun əsərlərindən ibarət konsert proqramı təqdim edilmiş və Naxçıvan televiziyasının efirində, Nazirliyin rəsmi vebsaytlarında, Youtube video kanalında və sosial şəbəkələrdə nümayiş olunmuşdur. Həmçinin Filarmoniyanın Xalq Çalğı Alətləri Orkestrinin bəstəkar Məmməd Məmmədovun əsərlərindən ibarət onlayn konserti olmuşdur. Tədbirlər Planının bəstəkarın musiqi əsrlərindən ibarət kitabın nəşr edilməsi ilə bağlı müvafiq bəndinin icrası ilə əlaqədar iş aparılmışdır.

Xalq yaradıcılığı nümunələrinin təbliği və tanıdılması ilə bağlı həyata həyata keçirilən tədbirlərdən də bəhs edən Natəvan Qədimova qeyd edib ki, 2020-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar “Yallılar dünəndən bu günə” kitabının hazırlanması ilə bağlı iş diqqətdə saxlanılmış, yallıların çəkilişi aparılmış və sosial şəbəkələrdə yallı sənətinin təbliği ilə əlaqədar paylaşımlar edilmişdir. Bundan başqa, Şahbuz, Kəngərli, Babək və Culfa rayonlarındakı klub müəssisələri əməkdaşlarının hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmış, 25-i yallı olmaqla, 40 videomaterial hazırlanmışdır. Ümumilikdə isə xalq yaradıcılığı ilə bağlı 63 videomaterial hazırlanmış, bu materiallar nazirliyin Youtube kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır. Aprel-iyul ayları ərzində rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə 4 min 376 paylaşım edilmişdir.

Aprel-iyul aylarında ölkə miqyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə onlayn “Evdə qal, sən də yarat” və “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm, “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse, “Bir neçə dəqiqədə mədəniyyət” adlı videoçarx və “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılığı müsabiqələri keçirilmişdir. Ölkənin müxtəlif bölgələrindən də izləyicilərin qatıldığı müsabiqələrin qalibləri Nazirliyin diplomları və pul mükafatı, fərqlənənlər isə fəxri fərmanları ilə təltif edilmişlər. İyun ayından etibarən isə il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsinə start verilmişdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamına əsasən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitabların oxunmasının təşviqi ilə əlaqədar yanvar-mart aylarında, ümumilikdə, 92 kitab müzakirəsi olmuşdur. Bundan başqa, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar tərəfindən fiziki imkanları məhdud insanlar da olmaqla, ümumilikdə, 94 sakinə səyyar kitabxana xidməti göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı nazir bildirib ki, aprel-iyul aylarında Naxçıvan Musiqi Kollecinin və muxtar respublikada fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri tərəfindən tədris proqramına uyğun, ümumilikdə,13 min 940 onlayn dərs keçilmişdir.

Diqqətə çatdırılıb ki, nazirliyin Youtube kanalına, ümumilikdə, 366 videomaterial yerləşdirilmiş, bu günədək 1108 abunəçi, 59 min 448 izlənmə sayı olmuşdur.

Natəvan Qədimova çıxışının sonunda qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi bundan sonra da qədim diyarımızda mədəniyyət və incəsənətin inkişafı sahəsində qarşıya qoyulan vəzifələri layiqincə həyata keçirəcəkdir.

Sonra məruzə ətrafında çıxışlar olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
28.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020