Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Xor kollektivinin ilk konserti olub

      Noyabrın 27-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Dövlət Uşaq Filarmoniyasının Xor kollektivinin “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” devizi altında ilk konserti olub.

Qeyd edək ki, uşaqların istedadının üzə çıxarılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 19 aprel 2010-cu il tarixli Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mühüm rolu vardır. Filarmoniyada bu günə kimi xalq çalğı alətləri, kamera orkestri, mahnı və rəqs kollektivi, xor kollektivi fəaliyyət göstərsə də bu kollektivin ayrıca konserti olmamışdı. İlk konsertin təşkili dünən baş tutmuşdur. Kollektivə muxtar respublikanın uşaq musiqi və incəsənət məktəblərindən öz ifaçılıq istedadı ilə seçilən şagirdlər cəlb edilmişlər. Hazırda muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. İl ərzində bu mədəniyyət ocaqlarında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”ə həsr olunmuş və bu deviz altında çoxsaylı konsertlər təşkil olunmuş, sərgilər yaradılmışdır. Naxçıvan Dövlət Uşaq Filarmoniyası da 2018-ci ildə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” bağlı tədbirlər keçirmişdir.

Xor sənəti zəngin Azərbaycan musiqisinin ayrılmaz qollarından biridir. Xorla oxunan xalq mahnıları, mərasim havaları hələ qədimdən məlumdur. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Cahangir Cahangirov xor üçün gözəl əsərlər bəstələmişlər. Bəstəkarlarımız bir sıra xalq mahnılarını da xor üçün işləmişlər.

Xor qədim incəsənət növlərindən biri kimi bütün dünya xalqlarının mədəniyyətində geniş yayılmışdır. İnsan mahiyyəti, insan tərbiyəsinin özü xor ifasında, insanların vokal istedadını izah edilməz dərəcədə dərin və təbii şəkildə təcəssüm etdirir. Xor ifası həyatın özü ilə sıx birləşir, onun ayrılmaz hissəsi olur. O hissləri, xəyalları, oxuyan insanların iradələrini birləşdirir, onların zövqlərini və qəlblərini tərbiyələndirir. Xor ifası insanın estetik təkmilləşməsinə, mənəvi zənginləşməsinə geniş imkanlar yaradır. Dünyanın bir çox tanınmış musiqiçiləri, pedaqoqları xor musiqisinə xüsusi əhəmiyyət vermiş və onun uşaqların tərbiyəsində rolunu qeyd etmişlər. Böyük rus pedaqoqu K.D.Uşinski xor ifaçılığına hələ uşaq yaşlarından başlamağın əhəmiyyətini qeyd etmişdir.

Naxçıvan Dövlət Uşaq Filarmoniyasının yeni yaradılan Xor kollektivinin ifasında bir-birindən maraqlı xor əsərləri səslənmişdir.

Konsertdə tanınmış Azərbaycan bəstəkarları Emin Sabitoğlu, Müslüm Maqomayev, Musa Mirzəyev, Rəşid Məmmədovun xor üçün bəstələdiyi əsərlərlə yanaşı, rus və Azərbaycan bəstəkarlarının musiqi əsərləri ifa edilmişdir. “Naxçıvan marşı”, “Ey Vətən”, “Sənsən xilaskar”, “Xoşbəxt olsun uşaqlar”, “Odlar yurdu Azərbaycan”, “Minnətdarlıq”, “Dostluq mahnısı” xor əsərləri alqışlarla qarşılanmışdır. Naxçıvan Dövlət Uşaq Filarmoniyası Xor kollektivinin ilk baş tutan bu konserti repertuar zənginliyi ilə də seçilirdi. Uşaqlar üçün gözəl musiqi əsərlərinin müəllifi görkəmli rus bəstəkarı V.Şainskinin “Birlikdə addımlayaq”, “Timsah Qenanın mahnısı” və Avropa bəstəkarlarından G.M.Rodriguezin “La composita”sı xor kollektivi tərəfindən uğurla ifa edildi.

Qeyd edək ki, konsertdə Elmira Hüseynova xormeysterlik, Səxavət Rəhimov isə konsertmeysterlik etmişlər. Xor kollektivini zərb musiqi alətində Ramil Cəfərov müşayiət etmişdir.

Xor kollektivinin ilk konsertində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova iştirak etmişdir.










Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018