Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinə həsr olunmuş
onlayn konsert baş tutub

      İyunun 27-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin bəstəkar Məmməd Məmmədovun 100 illik yubileyinə həsr olunmuş onlayn konsert proqramı izləyicilərə təqdim edilmişdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 yanvar 2020-ci il tarixli Sərəncamı ilə Naxçıvanda musiqi sənətinin və təhsilinin inkişafına xidmət etmiş, bir çox ansambl və xor kollektivlərinin yaradılmasının təşəbbüskarı olmuş Məmməd Məmmədov 100 illik yubileyi qeyd edilir. Onun 1956-cı ildə yaratdığı “Əlvan çiçəklər” mahnı və rəqs ansamblı muxtar respublikada musiqi və rəqs mədəniyyətinin inkişafında mühüm mərhələ təşkil edir.

Bəstəkar kamera-instrumental musiqinin bir çox janrlarında əsərlər, nəfəsli alətlər orkestri üçün marşlar, pyeslər, fortepiano üçün mahnı və romanslar yazmış, xalq mahnı və rəqslərini toplayaraq nota köçürmüş, Naxçıvan Dövlət Musiqili Dram Teatrında hazırlanan 30-dan artıq tamaşaya musiqi bəstələmişdir. Naxçıvan şəhərində fəaliyyət göstərən 1 nömrəli uşaq musiqi məktəbi Məmməd Məmmədovun adını daşıyır.

Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestri filarmoniya yaradılarkən onun tərkibində fəaliyyətə başlayan ilk orkestrlərdən biri olmuşdur. Kollektivin tanınmış müğənni və xanəndələrinin ifalarını musiqisevərlər həmişə rəğbətlə qarşılayırlar. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyevdir.

Yubileyinə həsr olunmuş konsert proqramı bəstəkarın “Azərbaycan” mahnısı ilə start götürmüşdür. Daha sonra “Olaydım mən”, “Yar gəlmədi”, “Nəğmə çalır ürəyim”, “Marş”, “Güllər açarkən”, “Gənclik mahnısı”, “Naxçıvan” əsərləri ilə davam etdirilmiş və xor kollektivinin ifasında “Ana vətən” mahnısı ilə konsert proqramına yekun vurulmuşdur.

Bəstəkarın musiqi əsərlərini Azərbaycan Respublikasının Əməkdar artisti Mübariz Əsgərov, Naxçıvan Muxtar Respublikası Əməkdar artistləri Elçin Nağıyev, Azər Cəfərli, Ruhiyyə Hüseynova və digər ifçılar Nərmin Hüseynova, İlkin Abdullayev, Samir İsmayılov və Ülvi Əhmədov təqdim etmişdir.

Onlayn tədbir Naxçıvan Dövlət Televiziyasından və onun internet resurslarından, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
27.06.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020