Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclər arasında onlayn film müzakirələri davam etdirilir

      İyunun 24-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Son iclas” filminin onlayn müzakirəsi keçirilmişdir.

Onlayn tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Qumral Bektaşi bu cür onlayn müzakirələrin əhəmiyyətindən danışmış, gənclərin pandemiya dövründə diqqətdən kənarda qalmadığına görə Gənclər birliyinin adından Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirmişdir.

Daha sonra filmin müzakirəsinə başlanılmış və söz gənclərə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Gənclər Birliyinin sədri Bənövşə Afətli, birliyin üzvləri Günel Sangur və Jalə Mirzəyeva, Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Həcər Əsgərova və həmin birliyin üzvü Nuran Əliyev, Ordubad Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Süqarə Mirzəli, Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədr müavini Nuray Mehdiyev, birliyin üzvü Rasim Qasımov və digərləri film barədə müzakirənin iştirakçılarına ətraflı məlumat vermişlər.

Bildirilmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC-nin) fəaliyyətinə və cümhuriyyətin süqutuna həsr olunmuş bu filmdə xalqımızın əzmkarlığı, istiqlal mübarizəsi öz əksini tapmışdır.

Film AXC-nin 27 aprel 1920-ci ildə keçirilmiş sonuncu iclası ilə başlayır. Filmdə xalqımızın son anadək apardığı dönməz və qətiyyətli mübarizəsi əks olunur. Mübarizə faciə ilə başa çatsa da, bu mübarizənin Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu göstərilir. "Son iclas" filmində Azərbaycanın dövlət bayrağının-üçrəngli bayrağımızın müqəddəsliyi də öz əksini tapmışdır. Filmin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik, hüquqi dövlət nümunəsi yaratdığı və insanlara istiqlalın nə demək olduğunu anladan kadrlar göstərilir. Göstərilir ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularını boğa bilmədi. Xalqımız yenidən azadlıq uğrunda mübarizəyə qalxdı və qalib gəldi. Ona görə ki, ötən əsrin əvvəllərindən fərqli olaraq xalq təhsil almışdı. Nəhayət, bu Xalq Cümhuriyyəti hökumətinin yaşatdığı müstəqillik ideyalarını 71 il nəsildən-nəslə ötürə bilmişdi. Məhz buna görə cümhuriyyət bayrağı yenidən göylərə ucaldı. 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında bu bayraq ilk dəfə dövlət tədbirində qaldırıldı və rəsmi status qazandı.

Daha sonra gənclər film barədə düşüncələrini paylaşmış və fikir mübadiləsi aparılmışdır. 1 saat davam edən müzakirədə ümumilikdə 40 nəfər iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.06.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020