Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Növbəti onlayn kitab müzakirəsi keçirilmişdir

      24 iyul 2020-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Republika Kitabxanası tərəfindən tanınmış Qırğız yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” adlı əsərinin onlayn müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova müzakirəni giriş sözü ilə açaraq, tədbirin məqsəd və mahiyyətini vurğulamış və qeyd etmişdir ki, məşhur qırğız yazıçısı Çingiz Aytmatovu dünyada məşhurlaşdıran “Cəmilə” povesti olsa da, onun başlıca əsərləri “Gün var əsrə bərabər” romanı, “Dəniz kənarıyla qaçan Alabaş”, “Ağ gəmi” povestləri hesab olunur. 1977-ci ildə yazılmış “Dəniz kənarıyla qaçan Alabaş” əsərində dörd ovçunun dənizə çıxmasından, hadisələrin onların gözlədiklərindən tamamilə fərqli cərəyan etməsindən və Kirisk adlı oğlanın keçdiyi sınaqlardan bəhs olunur. Müəllifin yazdığına görə bu əsərin süjetini ona Nivx xalqının yazıçısı Vladimir Sangi vermişdir. Aytmatov süjetdəki macəra elementini kənara atmış, adamların mənəvi dünyasını, əxlaqi keyfiyyətlərini, ölüm qarşısındakı həyəcanlarını ön plana çəkmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabsaxlama şöbəsinin müdiri Gülnisə Zeynallı “Çingiz Aytmatovun həyat və yaradıcılığı” mövzusunda çıxış edərək bildirmişdir ki, Qırğızıstanın Xalq yazıçısı, çoxsaylı mükafatlar laureatı Çingiz Aytmatov 12 dekabr 1928-ci ildə Qırğızıstanın Şəkər kəndində anadan olmuşdur. O, 1952-ci ildə yerli qəzetlərdə dərc edilən bir neçə hekayəsi ilə ədəbi mühitə qədəm qoymuşdur. 1958-ci ilin avqust ayında “Yeni dünya” (“Novıy mir”) jurnalında Çingiz Aytmatovun “Cəmilə” povesti dərc edilmişdir. Povest ədəbi ictimaiyyət və oxucular arasında geniş əks-səda yaratmış, “dünyanın ən gözəl eşq hekayəsi” adlandırılmışdır. Sonralar Çingiz Aytmatov “Qırmızı yaylıqlı qovağım mənim”, “Köşək gözü” əsərlərini də məharətlə işləyib, obrazların daxili aləminə nüfuz etməyi bacarmışdır. Çingiz Aytmatovun qəhrəmanları mənəvi cəhətdən güclü, mərhəmətli və aktiv insanlar idi. Buna görə yazıçını psixoloji portret ustası da adlandırırlar. “Ağ gəmi” (1970), “Dəniz kənarıyla qaçan Alabaş” (1977), “Gün var əsrə bərabər” (1980) əsərlərində yazıçı dövrün kəskin fəlsəfi, etik və sosial problemlərinə toxunmuşdur. Əsərlərində dövrün mənəvi-əxlaqi problemlərini əhatə edən Çingiz Aytmatov adi bir həyat hadisəsini qlobal səviyyəyə qaldırmağı, ona yüksək fikir zirvəsindən baxmağı bacarmışdır. Təsvir etdiyi hadisələrin fəlsəfəsini, mahiyyətini görüb və göstərmişdir. Buna görə də onun əsərləri təkcə öz ölkəsində deyil, bütün dünyada maraqla qarşılanmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Aysel Əhmədova “Dəniz və fədakarlıq” adlı çıxışında qeyd etmişdir ki, Çingiz Aytmatovun həcmcə kiçik, mənaca böyük olan “Dəniz kənarıyla qaçan Alabaş” povesti dəniz və insan fədakarlığı mövzüsunda qurulmuşdur. Cox böyük ümidlə dənizə ova çıxan 4 insan heç gözləmədikləri hadisələrlə qarşılaşırlar. Dənizdə güclü fırtına başlayır və onların qayıqları duman buludunun içinə düşür. Keçib gedər deyə, ümid etdikləri duman dağılmır. Əsər 4 insanın həyat mücadiləsi ilə başlasa da, onlardan sadəcə biri qalib gəlir-11 yaşlı Kirisk. Burada insanların bir- biri uğrunda etdikləri fədakarlıq əsas diqqət mərkəzindədir. İçməli suyun qurtarmaq üzrə olduğunu bilən baba növbəsi çatanda öz su payını içmir, nə qədər dilə tutsalar da rədd edir, onları yuxuya verib, nəvəsi naminə özünü dənizə atır. Ata Əmrayin oğlu Kirisk yaşasın deyə öz həyatından keçir. Kirisk balaca bir oğlandır və qohumları onun yaşaması, gələcəkdə ailəsinin yeganə balıq ovlayacaq ovçu olması üçün əllərindən gələni edirlər. Bu obrazlar düşdükləri çıxılmaz vəziyyətdə belə, insan olaraq əxlaqi keyfiyyətlərini saxlayırlar.

Sonda əsər ətrafında müzakirələr olmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020