Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Ştefan Svayqın “Şahmat” adlı novellasının
onlayn müzakirəsi keçirilmişdir

      24 iyun 2020-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Avstriya yazıçısı Ştefan Svayqın “Şahmat” adlı novellasının onlayn müzakirəsi keçirilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və mahiyyətini vurğulamış, əsər haqqında ümumi məlumat vermişdir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Ştefan Svayqın həyat və yaradıcılığı” mövzusunda çıxış etmişdir. O, bildirmişdir ki, Stevan Şvayq 1881-ci ildə Vyanada doğulub, atası yəhudi əsilli varlı bir fabrikant olub. 1900-cü ildə gimnaziyanı bitirdikdən sonra Svayq Vyana Universitetinə daxil olub və tələbəlik illərində öz vəsaiti hesabına “Gümüş Simlər” (Silberne Saiten) adlı ilk şeirlər kitabını dərc etdirib. Vyana Universitetində elmi dərəcəsini tamamladıqdan sonra 1905-ci ildə Londona və Parisə yollanıb, daha sonra İtaliyanı və İspaniyanı (1906), Hindistanı, ABŞ-ı, Kubanı, Panamanı (1912) səyahət edib. Yaradıcılığının ilk illərində Verlendən, Bodlerdən və Emil Verxarndan etdiyi tərcümələrlə tanınıb. O çoxlu sayda esse, hekayə, romanlarla yanaşı, çox böyük ustalıqla qələmə aldığı bioqrafik oçerkləri ilə də şöhrət qazanıb. Psixologiyaya və Freyd təliminə böyük marağı Svayqın əsərlərində insan xarakterlərinin dərindən analiz edilməsində öz ifadəsini tapır. Özəlliklə də tarixi xarakterlər haqqında yazdığı əsərlər psixoloji dərinlik baxımından diqqəti cəlb edir. Svayq müharibəyə etiraz edərək və Avropanın içərisində olduğu böhrana dözməyərək 1942-ci ildə Braziliyada həyat yoldaşı ilə birlikdə intihar etmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşı Rəsmiyyə Yusifova “Şahmat” əsərinin əsas məzmunu” haqqında çıxış edərək qeyd etmişdir ki, Ştefan Svayq əsəri Braziliyada sürgündə olarkən qələmə almış və 1942-ci ilin fevral ayında etdiyi intihardan bir neçə ay öncə tamamlamışdır. İlk öncə 1942-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə 250 nüsxə ilə buraxılan əsər, daha sonra 1944-cü ildə ingilis dilinə tərcümə olunaraq Nyu-Yorkda nəşr olunmuşdur. Bu günə qədər Almaniyada əsərin 1.200.000-dən çox nüsxəsi satılmışdır. Avropa mədəniyyətinə vida edərkən həyata da vida etməyi seçən Svayq, həyata vida etmədən öncə dünya ədəbiyyatına “Şahmat” kimi bir miras bəxş etmişdir. Natiq qeyd etmişdir ki, psixoloji janrda qələmə alınan, qəhrəmanın ruhi pozuntularının əks olunması ilə qısa, amma hər baxımdan insanda dərin hissləri yerindən oynadan bir əsər təsiri bağışlayan “Şahmat” eyni zamanda fərqli dünyaların qapısını üzümüzə açır.

Sonda isə əsər ətrafında müzakirələr olmuşdur.

1 saat çəkən tədbirdə 25 nəfər kitabxana işçisi və fəal oxucu iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.06.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020