Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində
onlayn ekskursiya keçirilib

      İyun ayının 24-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin bələdçisi Əfsanə İbrahimova aparıb.

Ekskursiyanın əvvəlində muzey kompleksinin yaradılma tarixi haqqında məlumat verilərkən bildirilib ki, Naxçıvanqalanın bərpasına 2010-cu ildən başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən muzey yaradılmış, 2014-cü il 7 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olmuşdur.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi 1 ekspozisiya zalından, Nuh Peyğəmbərin məzarüstü türbəsindən, yeraltı sığınacaq - mağara hissədən ibarətdir. Vurğulanıb ki, Naxçıvanqala Naxçıvan şəhərinin cənub-şərqində yerləşən arxeoloji abidədir. Elmi ədəbiyyatda və xalq arasında

Naxçıvanqala, Köhnəqala adları ilə tanınmış qala 632-652-ci illərdə inşa olunmuşdur. Qala haqqında bir sıra tarixi faktlar məlumdur ki, həmin tarixi faktlardan biri XVI əsrdə yaşamış məşhur türk səyyahı Övliya Çələbinin Səyahətnamə əsəridir. Əsərdə Naxçıvanqalanın monqol işğallarına məruz qalması və bir neçə dəfə dağıdılması qeyd olunmuşdur. Qalanın adı fransız səyyahları Jan Şarden və Frehanqın da əsərlərində çəkilir.

Onlayn ekskursiya zamanı ekspozisiya zalında nümayiş olunan eksponatlar haqqında geniş məlumat verilərək bildirilib ki, e.ə. V minilliyə aid təsərrüfat küpü, e.ə. V-III minillik, e.ə. IV-III minilliyə aid daş əmək alətləri, daş baltalar, daş gürzlər, dən daşları, həvəng və dəstəklər məişətdə geniş istifadə olunmaqla yanaşı, duz mədənlərində duz sallarının parçalanmasında, nisbətən iri həcmli daş əmək alətləri isə tunellərin qazılmasında istifadə olunmuşdur. Muzeydə nümayiş olunan qədim eksponatlar sırasında e.ə. III-II minilliyə aid boyalı qablar da vardır ki, bu qablar II Kültəpə yaşayış yerindən aşkar olunmuşdur.

Son Tunc və Erkən Dəmir dövrünə, yəni E.ə. II-I minilliyə aid keramika məmulatları və gil qablar muzeyin dəyərli eksponatları sırasındadır.

Qeyd olunub ki, muzeydə nümayiş olunan məzarüstü sənduqələr XV əsrə aid olub, indiki dövrdə sinə daşı sayılır. Məzarüstü baş daşları və sənduqələrin üzərində xalqımızın inancları, dini təsəvvürləri, həyat və ölüm haqqında düşüncələri əks olunub.

Ekspozisiyada XVIII-XIX əsrlərə aid milli geyim nümunələri, xalçalar, məfrəş, odlu və soyuq silahlar, mis məişət əşyaları, saxsı su borusu və quyu qapaqları, o cümlədən, Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şamil Qazıyevin Naxçıvanın qədim tarixini, mədəniyyətini, adət ənənələrini, məişətini əks etdirən rəsm əsərlərinin surəti muzeyə gələn tamaşaçılar tərəfindən maraqla qarşılanır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.06.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020