Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Növbəti onlayn ekskursiya Hüseyn Cavidin Ev Muzeyində keçirilib

      Növbəti onlayn ekskursiya iyulun 23-də görkəmli dramaturq Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksində keçirilib. Ekskursiyanı muzeyin bələdçisi Sona Mirzəyeva təqdim edib.

Ekskursiyanın əvvəlində bələdçi muzey kompleksinin yaradılma tarixi haqqında məlumat verərək bildirib ki, filosof-şair və dramaturq Hüseyn Cavidin Ev Muzeyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük sənətkarın anadan olmasının 100 illiyi münasibətilə 21 iyul 1981-ci il tarixdə qəbul etdiyi qərara əsasən yaradılmışdır.

Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ən böyük töhfələrindən biri də Cavidin nəşinin qalıqlarının uzaq Sibirdən gətirilərək doğma şəhərində dəfn olunması olmuşdur. Hüseyn Cavidin məzarı üzərində ucaldılmış məqbərə ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə tikilmişdir. Məqbərə üst və aşağı - sərdabə hissələrindən ibarətdir. Hüseyn Cavidlə yanaşı, dahi şairin ailə üzvləri - həyat yoldaşı Mişkinaz Cavidin, oğlu Ərtoğrol Cavidin və qızı Turan Cavidin qəbirləri məqbərənin sərdabəsindədir. Abidənin layihəsinin müəllifi Azərbaycan Respublikasının Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı isə xalq rəssamı Ömər Eldarovdur. 2015-ci ildə Cavidlər ailəsinin uyuduğu məqbərə də muzey ərazisinə daxil edilərək bura “Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi” adlandırılmışdır.

Onlayn ekskursiya zamanı bildirilib ki, girişdən və 5 ekspozisiya zalından ibarət olan muzeyin fonduna 10 minə yaxın eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində şairin avtoqrafı olan əsərləri, tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları və s. var. Ekspozisiyada cavidşünasların tədqiqat əsərləri və xatirələri, Hüseyn Cavidin və onun ailə üzvlərinin büstləri də sərgilənir.

Qeyd olunub ki, birinci ekspozisiya zalında Hüseyn Cavidin uşaqlıq və təhsil illərinə aid eksponatlar sərgilənir. Burada Cavidin yaşadığı dövrə aid məişət əşyaları, rəssam Əli Verdiyev tərəfindən çəkilmiş və görkəmli dramaturqun təhsil illərinə həsr olunmuş rəsm əsəri, muzeyin binasının köhnə görünüşünün fotoşəkli və digər eksponatlar yer almaqdadır.

İkinci ekspozisiya zalında görkəmli dramaturqun “Şeyx Sənan” və “Uyuyur” əsərlərinə xalq rəssamı Elmira Şahtaxtinskaya tərəfindən çəkilmiş illustrasiyalar, rəssam Elxan Tahirov tərəfindən çəkilmiş portretləri, bir neçə əlyazmasının surəti, rəssam Solmaz Musayeva tərəfindən Cavidin “Şeyx Sənan”, “İblis” və “Xəyyam” əsərlərindəki obrazların sümükdən və parçadan hazırlanmış maketləri, o cümlədən, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, görkəmli dramaturqun həyat və yaradıcılığına həsr olunmuş ithaf əsərləri və digər dəyərli eksponatlar nümayiş olunur. Həmçinin Hüseyn Cavidin Azərbaycan teatrlarında tamaşaya qoyulmuş əsərlərinin afişaları və tamaşalardan çəkilmiş fotoşəkillər də bu zalda yer almaqdadır.

Üçüncü zal şairin iş otağını əks etdirir. Burada ədibin Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadə tərəfindən çəkilmiş portreti, “İblis” tamaşasının səhnə tərtibatı, Cavidlər ailəsinin müxtəlif illərdə çəkilmiş fotoşəkilləri, o cümlədən, yazı masası və yazı dəsti nümayiş olunmaqdadır.

Bələdçi S.Mirzəyeva qeyd edib ki, millətini, xalqını canından artıq sevən böyük mütəfəkkir 1937-ci ilin qəzəbli möhürünə - “vətən xaini” damğasına məruz qalmış, 1937-ci ildə Bakı şəhərində həbs olunmuş, 1939-cu ildə Sibirə sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur. Dördüncü ekspozisiya zalında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə uzaq Sibirin əlçatmaz yerlərindən H.Cavidin məzarının tapılması və cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi zamanı çəkilmiş fotoşəkillər, məzarından götürülmüş torpaq, məzarı üzərinə qoyulmuş taxta parçası və digər eksponatlar sərgilənməkdədir.

Sonuncu ekspozisiya zalında ədibin oğlu Ərtoğrol Cavid, qızı Turan Cavidə aid eksponatlar, görkəmli ədibin əsərlərinə çəkilmiş illustrasiyalar, Cavidin 100 illiyinə həsr olunmuş portret xalça, naxçıvanlı rəssamlar tərəfindən çəkilmiş portretləri və ədibin həyat yoldaşı Mişkinaz Cavid, oğlu Ərtoğrol Cavid, qızı Turan Cavidin heykəltəraş Ömər Eldarov tərəfindən hazırlanmış büstləri nümayiş olunur.

Ekskursiyanın sonunda qeyd olunub ki, xalqımızın bir çox klassik sənətkarları kimi, Hüseyn Cavid irsinin və sənətkar şəxsiyyətinin də əsl qiymətini Azərbaycan xalqının XX əsrdə yetirdiyi daha bir dahi, sözün-sənətin böyük bilicisi və hamisi ümummilli liderimiz Heydər Əliyev verib. Cavid yaradıcılığı əbədiyaşar söz sənəti kimi dünya durduqca daim insan mənəviyyatının zənginləşməsinə xidmət edəcək, bəşəri duyğularla və zəngin fikirlər dünyası ilə insanları düşündürəcəkdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020