Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Bəhruz Kəngərli muzeyində növbəti interaktiv dərs keçirilmişdir

      Yanvarın 22-də Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümü münasibəti ilə ümumtəhsil məktəbləri ilə Bəhruz Kəngərlinin Ev Muzeyi arasında “Görkəmli rəssamın sənət dünyası” mövzusunda interaktiv dərs keçirilib.

İnteraktiv dərsi muzeyin bələdçisi Rəna Əliyeva aparıb. Dərsdə qeyd edilib ki, Naxçıvan torpağı Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. O, 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. İlk peşəkar rəssam kimi Tiflisdə oxuyandan sonra Naxçıvana qayıdıb və burada öz dövrünün tarixi abidələrini, insanlarını və onların həyat tərzini əks etdirən əsərlər çəkib.

Rəna Əliyeva şagirdlərə Bəhruz Kəngərli muzeyi barədə də ətraflı məlumat verərək bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılmışdır. Muzey fondunda ümumilikdə 1300-ə yaxın eksponat vardır ki, bunlardan 396 ədədi ekspozisiya zallarında sərgilənir. Binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 186, ikinci mərtəbədə yerləşən 5 ekspozisiya zalında isə 210 eksponat nümayiş olunur. Nümayiş olunan eksponatlardan 61-i rəssamın orijinal rəsm əsərləridir.

Şagirdlərə muzeydə sərgilənən rəssamın həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri nümayiş etdirilib. Diqqətə çatdırılıb ki, görkəmli sənətkarın sənət dünyasına, yaradıcılığına onun doğulub boya-başa çatdığı doğma Vətənində daim yüksək diqqət və qayğı göstərilir.

İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021