Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Bəhruz Kəngərli Muzeyində açıq dərs keçirilmişdir

      21 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə tədbirlər planına uyğun olaraq Bəhruz Kəngərli Muzeyində açıq dərs keçirilmişdir. “Gənc rəssam ömrü” mövzusunda keçirilən açıq dərsdə 15 şagird iştirak edib.

Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin Təsviri incəsənət müəllimi Aliyə Səfərova Azərbaycanda realist rəssamlığın əsasını qoyan Bəhruz Kəngərli haqqında şagirdlərə məlumat verərək bildirib ki, gənc rəssam təsviri-incəsənət tariximizə adı qızıl hərflərlə həkk edilməyə layiq nadir istedad sahiblərindən biri olmuşdur. O, 1892-ci il yanvarın 22-də Naxçıvanda Şirəli bəyin ailəsində dünyaya göz açmışdır. İlk təhsilini doğma şəhərdə, sonra isə Tiflisdə xüsusi rəssamlıq məktəbində almışdır. Bəhruz Kəngərli əsərlərini tamamilə milli ruhda və üslubda yaratmışdır. Beləliklə də, mədəniyyət sahəsində milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır. İncəsənətimizdə realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin müstəqil janr kimi formalaşması məhz Bəhruz Kəngərlinin adı ilə bağlıdır.

Bildirilib ki, Bəhruz Kəngərli Azərbaycan rəssamlığında yeni bir mərhələnin - realizmin əsasını qoymuş və rəssamlığı orta əsrlərdən qalmış miniatür sənətinin təsirlərindən xilas etmişdir. Rəssamlıq sənətini o, XX əsrin əvvəllərində təhsil aldığı Tiflis Rəssamlıq və Heykəltaraşlıq Məktəbində peşəkar səviyyədə öyrənmişdir. Qeyd etdiyimiz kimi böyük istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan realist rəssamlıq sənətinin banisidir. Təsviri sənətin tədqiqatçılarının fikrincə, Bəhruz Kəngərli 30 il yaşamış, lakin uşaqlıq və yeniyetməlik dövrü istisna olmaqla, sənətə həsr etdiyi 7 il ərzində 2000 əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoymuşdur.

Bəhruz Kəngərli Azərbaycanda realist dəzgah boyakarlığının, portret, mənzərə, natürmort, süjetli-tematik və teatr-dekorasiya janrlarının peşəkar həlli ifadəsinin banisi olmuşdur.

Sonra şagirdlərə muzeydə olan eksponatlar haqqında geniş məlumat verilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021