Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Naxçıvan teatrında cari il üçün tamaşaların onlayn nümayişinə start verilib

      Yanvarın 22-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın” pyesi əsasında hazırlanan eyniadlı tamaşa 2021-ci ilin ilk canlı yayımı olaraq teatrsevərlərə təqdim edilmişdir.

Qeyd edək ki, “Aydın” pyesi süjetin yığcamlığı, kompozisiya qurma ustalığı, dramatik hərəkət və həyəcanın sürəkliliyi, davamlılığı, bədii ideyanın estetik bitkinliyi, obraz, tip yaradılması baxımından Cəfər Cabbarlının böyük uğur qazanmış dram əsərlərindəndir. Dramatik hadisələr müəllifin müşahidə etdiyi tanış mühitdə - XX əsrin əvvəllərindəki neft və milyonlar şəhəri olan Bakıda cərəyan edir. Pyes gənc bir ziyalı ailəsinin qurulması ilə başlanır və onun məhv olması ilə də bitir.

Aydın pyesin baş qəhrəmanıdır, romantik xəyalları puç olmuş, maddi və mənəvi böhran içərisində çabalayan gəncdir. Onun xəyalları qeyri-real olsa da, ülvi mahiyyət daşıyır. Obrazın danışıq və rəftarında, məntiqi mahiyyətində insanlığın və ayrıca bir fərdin həqiqi mövcudluğunun bədii təsdiqi vardır. Elə həmin təsdiq də mübarizə üçün təkan rolunu oynayır: “...Mən bir həqiqətəm, mən bir heç deyiləm” - sözləri bu əsas leytmotivi dramaturji gərginliklə inkişaf etdirir. Aydının faciəsi ondadır ki, onun “bir həqiqət” olduğunu etiraf edən mühit yoxdur. Əksinə, əsrin əvvəllərindən güclü neft tüğyanları və altun yığımlarının məkanı olmuş Bakı minlərlə Aydın kimilərini bir heçə döndərir. Aydın hər şeyini - ailəsini, məhəbbətini, cəmiyyətdə tutduğu mövqeyini, normal ruhi vəziyyətini itirərək “səfillər kralı olur”. Lakin o, dəhşətli cismani və ruhi əzablara düçar olsa da, mənəvi gözəlliyini, insani saflığını itirmir. Rəzalətə boyun əymək istəmir. Bu rəzil mühiti dərk edərək onun ittihamçısına çevrilir. Lakin, sonda böyük kapitala söykənən insan dəllalları - Dövlət bəylər, Balaxanlar, Novruz bəylər - Aydınlar və Gültəkinləri məhv edirdilər.

Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı gənc mütəxəssis Həcərxanım Məmməmədova, rejissoru və musiqi tərtibatçısı Səyyad Məmmədov, rejissor assistenti Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdir. Tamaşada rolları Azərbaycan Respublikasının əməkdar artistləri Əbülfəz İmanov və Behruz Haxverdiyev, həmçinin Səyyad Məmmədov, Səkinə Məmmədova, Nəsimi Məmmədzadə, Ələsgər Quliyev, Zəminə Məmmədova, Vəfa Qurbanova, Nurlan Sultanlı, Anar Eyvazov və Dünyamalı Orucov ifa edirlər.

Xatırladaq ki, ötən ilin may ayında Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Aydın” tamaşasından bir hissəni onlayn formada teatrsevərlərə təqdim etmişdir.

Tamaşa Naxçıvan Dövlət Televiziyası və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında, həmçinin sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
22.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021