Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclərin Naxçıvan şəhərində yerləşən muzey və muzeytipli
müəssisələrə ekskursiyası təşkil olunub

      Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan MR Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvlərinin Naxçıvan şəhərində yerləşən bir sıra muzeylərə ekskursiyası təşkil olunub.

Ekskursiyaya ilk olaraq Naxçıvan Dövlət Rəsm Qalereyasından başlanılmışdır. Bildirilmişdir ki, Naxçıvan Dövlət Rəsm Qalereyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə 1982-ci ildə yaradılmışdır. Qalereya hazırda Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının üçüncü mərtəbəsində fəaliyyət göstərir. Qalereyanın fondunda Azərbaycan və xarici rəssamların əsərlərindən ibarət 450-dən çox eksponat mühafizə olunaraq nümayiş etdirilir. Qalereyadakı rəsm əsərləri mövzu, üslub və janr müxtəlifliyi ilə seçilir. Burada portret, peyzaj, qrafika, natürmort, məişət, tarixi və başqa janrlarda çəkilmiş rəsm əsərləri vardır. Ekspozisiyanın birinci guşəsində ulu öndər Heydər Əliyevə həsr edilmiş rəsm əsərləri sərgilənir. İkinci guşədə tarix-mədəniyyət abidələrini, üçüncü guşədə Naxçıvanın füsunkar təbiət gözəlliklərini əks etdirən və mənzərə janrında çəkilmiş əsərlər nümayiş olunur. Daha sonra gənclərin Bəhruz Kəngərli Muzeyinə ekskursiyası olmuşdur. Muzeyin bələdçisi gənclərə məlumat verərək bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılmışdır. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında da Bəhruz Kəngərli irsi hər zaman diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 15 fevral 2001-ci il tarixdə sərəncam imzalamışdır. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilmiş, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Qeyd olunub ki, realist Azərbaycan rəssamlığının əsasını qoyan istedadlı rəssamın yaradıcılığına yüksək dövlət qayğısının növbəti bariz nümunəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Rəssamlar Parkının yaradılması haqqında” 2015-ci il 14 noyabr tarixli Sərəncamı olmuşdur. Sərəncama əsasən, Naxçıvan şəhərindəki İstiqlal küçəsi 52 ünvanında Bəhruz Kəngərli adına Rəssamlar Parkı yaradılmış və burada rəssamın abidəsi ucaldılmışdır.

Gənclərin növbəti ekskursiyası Naxçıvan Dövlət Tarix Muzeyinə olmuşdur. Burada onlara məlumat verilib ki, 1924-cü ildə təşkil olunmuş muzey müxtəlif eksponatların toplanması və gələcək nəslə çatdırılmasında böyük əhəmiyyəti olmuşdur. Muzey fəaliyyətinin ilk illərində tarixi əhəmiyyətə malik eksponatların toplanması və mühafizəsi işini təşkil edərək muxtar respublikada muzeyşünaslığın əsasını qoymuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra muzeylərin inkişafı və onların nüfuzunun artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq Azərbaycan muzeyləri, o cümlədən Naxçıvan Dövlət Tarix Muzeyi nəinki mədəni xidmət ocaqları, həm də elmi-tədqiqat bazaları kimi fəaliyyət göstərməyə başlamışdır.

Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub saxlanılır və nümayiş etdirilir ki, onlardan da 3000-ə qədəri ekspozisiyada nümayiş olunur. Muzey 10 şöbədən ibarətdir.

Son olaraq gənclər Yusif Küseyir oğlu türbəsini ziyarət ediblər. Bildirilib ki, Yusif Küseyir oğlu türbəsi yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülmüşdür. Türbə ölkəmizin qülləvari türbələri içərisində üst piramida örtüyü olduğu kimi bu günə qədər qalan yeganə abidədir. Giriş qapısının baş tərəfindəki kitabədə türbənin hicri təqvimi ilə 557-ci il, yəni 1162-ci ildə Yusif Küseyir oğlunun xatirəsinə inşa edildiyi göstərilmişdir. Abidənin qurşağında Qurani-Kərimin “Al-i İmran” surəsindən 15-17-ci ayələr, tağı üzərində isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” sözləri yazılmışdır. Abidənin ətrafı abadlaşdırılmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Ekskursiya gənclərdə xoş təəssürat yaratmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.11.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020