Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Kitabxanalarda kütləvi işin təşkili” haqqında online seminar keçirilmişdir

      21 may tarixində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün “Kitabxanalarda kütləvi işin təşkili” mövzusunda “Zoom” mobil tətbiqi vasitəsilə online seminar keçirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) MKS-lərin iştirak etdiyi online seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Şəfəq Abbasova qeyd etmişdir ki, mədəniyyətimizi, tariximizi, ədəbi əlaqələrimizi geniş oxucu kütlələri arasında yaymaq kitabxanaların əsas vəzifəsi olmalıdır. Bunun həyata keçirilməsində isə kütləvi tədbirlər mühüm əhəmiyyətə malikdir. Hər bir kütləvi tədbirin düzgün təşkili oxucu ilə kitabxanaçı arasında ünsiyyəti daha da genişləndirir, oxucunun kitab mütaliəsinə olan marağını artırır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının Komplektləşdirmə şöbəsinin müdiri Xədicə Hüseynova “Kütləvi tədbirlərin növləri” və “Kütləvi tədbirlərin təşkili qaydaları” adlı çıxışlarla kütləvi işin növləri və təşkili haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, kütləvi tədbirlər şifahi , əyani və yazılı şəkildə planlaşdırılır. Bunların isə müxtəlif növləri mövcud olur.

Planlaşdırılmış kütləvi tədbirlər əsasən oxucu konfransları, görüşlər, ədəbi-bədii gecələr, biblioqrafik icmallar, sual-cavab gecələri, söhbətlər və s. ibarətdir. Vurğulanmışdır ki, hər bir kütləvi tədbirin keçirilməsində təşkilati məsələlərin həlli, çıxışçı və ya aparıcıların düzgün seçilməsi və s. xüsusi önəm daşıyır.

Daha sonra mövzu ətrafında müzakirə aparılmış və suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.05.2020








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020