Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Tələbələr üçün açıq dərs keçirilib

      19 noyabrda Dövlət Bayrağı Muzeyində Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələri üçün hamiliklə bağlı “Milliyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusunda açıq dərs keçirilib.

Dərsi giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva əvvəlcə Azərbaycan ordusunun zəfər yürüşünün parlaq qələbə ilə nəticələnməsi münasibətilə tədbir iştirakçılarını təbrik edib və bildirib ki, xalq olaraq şanlı Azərbaycan ordusuna və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə hər zaman minnətdar olacağıq.

Qeyd edilib ki, qədim tarixə, zəngin dəyərlərə malik xalqımızın yenilməzlik ruhu bu gün milli siyasət və ideologiyamızın ən mühüm simvolu olan üçrəngli bayrağımızda öz təsdiqini tapır. Mənəviyyatımızın, azad və müstəqil milli düşüncəmizin ən şanlı təcəssümü olan Azərbaycan bayrağı 1990-cı il noyabrın 17-də xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda əbədi yüksəkliyə qaldırılmışdır.

Çıxışda vurğulanıb ki, biz Naxçıvanlılar olaraq fəxr edirik ki, qürurunu yaşadığımız və bir zamanlar ilk dəfə Naxçıvanda dalğalanan bu bayraq bu gün artıq mədəniyyətimizin beşiyi olan qədim Şuşamızda da əzəmətlə dalğalanır.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə bağlı bu sahədə qarşıya qoyulan yeni vəzifələrdən danışan Gülbuta Babayeva diqqətə çatdırıb ki, 2020-2021-ci tədris ilində Sərəncamın icrası ilə əlaqədar Nazirlik, ali və orta ixtisas təhsili müəssisələri tərəfindən birgə Tədbirlər Planı, həmçinin keçiriləcək tədbirlərin qrafikləri təsdiq edilmişdir. Həmin Tədbirlər Planına əsasən muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə mütəmadi olaraq açıq dərslər, seminarlar, təcrübələr keçirilir.

Açıq dərsdə Dövlət Bayrağı Muzeyinin direktoru Rəmzi Hüseynovun “Milliyətimizi, dini inancımızı və müasirliyimizi təcəssüm etdirən dövlət bayrağımız” mövzusundakı çıxışı dinlənilib. Dövlət Bayrağı Muzeyinin yaradılmasından danışan Rəmzi Hüseynov bildirib ki, Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən yaradılmış, 2014-cü il noyabrın 17-də isə muzeyin açılışı olmuşdur. Dövlət Bayrağı Muzeyi Naxçıvan şəhərinin ən hündür ərazisində yerləşir. Bayraq dirəyinin ətrafinda yaradılmış muzey səkkizguşəlidir. Meydanda dalğalanan dövlət bayrağının uzunluğu 20 metr, eni 10 metr, bayraq dirəyinin hündürlüyü isə 57 metrdir.

Sonra vurğulanıb ki, dövlət bayrağı bir başa xalqımızın müstəqilliyini təcəssüm etdirir. Bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu sayılmışdır. Tariximizin ən dəyərli eksponatları sırasında mühüm yer tutan dövlət rəmzləri və bayraqlar Azərbaycanın qədim dövlətlərinin, o cümlədən Naxçıvan xanlığının və muxtar respublikanın tarixini öyrənməyə geniş imkanlar yaradır. Naxçıvan şəhərində yaradılan Dövlət Bayrağı Meydanı və Muzeyi bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Açıq dərs zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda tələbələr Dövlət Bayrağı Muzeyinin ekspozisiyası ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.11.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020