Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Naxçıvan Dövlət Musiqili Dram Teatrı onlayn tamaşaları davam etdirir

      Mayın 20-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov tərəfindən görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və “Ər” pyesləri əsasında səhnələşdirilən “Ölülər və dəlilər” tamaşası canlı yayımla teatrsevərlərə təqdim edilmişdir.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin “Ölülər”, “Anamın kitabı” və “Dəli yığıncağı” pyesləri müxtəlif illərdə Naxçıvan teatrında tamaşaya qoyulmuşdur. “Ər” pyesi isə akademik İsa Həbibbəyli tərəfindən 1987-ci ildə yazıçının arxivindən tapılaraq çap etdirilmişdir.

Tamaşanın rejissoru Azərbaycan Respublikasının əməkdar artisti Tofiq Seyidov səhnə əsərində Cəlil Məmmədquluzadənin 4 pyesini sintez edərək bir mövzu üzərində birləşdirmiş və tamaşanın uğurlu səhnə həllinə nail olmuşdur. Tamaşanın süjet xətti cəmiyyətdə ölülər və dəlilərin kimliyi, onları ittiham edənlərin üzə çıxarılması üzərində qurulmuşdur. Səhnə əsərində parçaların birinin o birinə birləşməsi isə əvvəlcədən Molla Abbas tərəfindən elan olunur. Tamaşanı izlədikcə sanki Cəlil Məmmədquluzadə dramaturgiyasına səyahət edirsən.

Tamaşanın “Ölülər” əsərindən götürülmüş hissəsi yalançı, fırıldaqçı din xadimlərinin əməlləri ilə səciyyənlənir. “Anamın kitabı” əsərinin bir hissəsindən Azərbaycançılıq əqidəsi və ideologiyasının təcəssümü kimi “Ölülər və dəlilər” tamaşasının səhnələşdirilməsində istifadə olunmuşdur. “Dəli yığıncağı” tragikomediyasından ədalətsiz eybəcər ictimai mühitin ağıllı insanları dəliyə çevirdiyi məqamlardan, “Ər” pyesindəki cəmiyyəti dəyişdirmək və yenidən qurub möhkəmləndirmək üçün xalqın öz içindən çıxmış layiqli bir başçıya ehtiyac olması ideyasından bəhrələnməklə uğurlu səhnə əsəri ərsəyə gətirilmişdir.

Tamaşada Naxçıvan Dövlət Musiqili Dram Teatrının bütün yaradıcı kollektivi iştirak edir. Tamaşanın rejissor assistenti Azərbaycan Respublikasının əməkdar artisti Nurbəniz Niftəliyeva, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, musiqi tərtibatçısı isə Ariz Ağayevdir.

Xatırladaq ki, “Ölülər və dəlilər” tamaşası ötən ilin may ayında Azərbaycanın Qarsdakı Baş Konsulluğunun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə Türkiyənin Qars şəhərində teatrsevərlərə uğurla təqdim edilmişdir. Naxçıvan Dövlət Dram Teatrı bu günə qədər “Burla Xatun”, “Ağıldan bəla”, “Teleskop” tamaşalarını və “Aydın” tamaşasından bir hissəni onlayn formada teatrsevərlərə təqdim etmişdir.

Bundan əvvəl təqdim olunan digər tamaşalar kimi, “Ölülər və dəlilər” tamaşası da Naxçıvan Dövlət Televiziyası və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resursları vasitəsilə canlı yayımlanmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.05.2020








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020