Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Culfa və Kəngərli rayon MKS-lərin əməkdaşları üçün
onlayn təcrübə keçirilib

      20 may 2020-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərovanın moderatorluğu ilə Culfa və Kəngərli rayon MKS-lərin əməkdaşları üçün “Zoom” tətbiqi vasitəsi ilə onlayn-təcrübə məşğələsi keçirilmişdir. T.Əsgərova təcrübənin əhəmiyyətindən danışmış və onlayn-təcrübənin kitabxana əməkdaşlarının bilik və bacarığının artmasında əhəmiyyətli olacağını bildirmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova “Abonement və oxu zallarında xidmət işinin təşkili” mövzusunda çıxış edərək bildirmişdir ki, kitabxanalarda oxuculara kitabxana xidməti həm abonement, həm də oxu zallarının köməyi ilə həyata keçirilir. Abonement şöbəsindən istifadə edən hər bir oxucuya kitabxanadan istifadə etmək qaydaları haqqında məlumat verilir və oxucu formulyarı doldurulur. Həmçinin, oxucu kitabxana qaydası ilə tanış olduğunu təsdiq etmək üçün formulyarda imza etməlidir. Abonement şöbəsindən oxuculara evdə istifadə üçün 5 kitab verilə bilər. Kitablar 15 gün ərzində istifadə olunub kitabxanaya qaytarılmalıdır. Qeyd edilmişdir ki, oxucuların kitabxana xidmətindən səmərəli istifadə etməsi baxımından abonement şöbəsi ilə müqayisədə oxu zalının üstünlüyü daha böyükdür. Vurğulanmışdır ki, lüğətlər, ensiklopediyalar, məlumat kitabları və dövri nəşrlər kitabxanadan kənarda istifadə üçün verilmir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova “Metodika və biblioqrafiya şöbəsinin iş prinsipi” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, kitabxanalarda məlumat-biblioqrafiya işinin müvəffəqiyyətlə aparılması soraq-biblioqrafiya aparatının düzgün tərtib edilməsindən, kitabxanaçı biblioqrafın biblioqrafiya işinə nə dərəcədə bələd olmasından, oxuculara məlumat-biblioqrafiya xidməti işinin təşkilindən asılıdır. Ümumiyyətlə, soraq- biblioqrafiya aparatı oxuculara məlumat nəşrlərindən, kataloq və kartotekalardan istifadəni təmin etmək məqsədi daşıyır. Kitabxananın soraq-biblioqrafiya aparatının mühüm hissəsi qəzet və jurnalların, həmçinin ardı davam edən məcmuələrin, kitabların müəyyən fəslinin məzmununu analitik qaydada açan kartotekalardan ibarətdir. Oxucu sorğularına cavab axtarılarkən və yaxud biblioqrafik vəsaitlər (tövsiyə ədəbiyyat siyahıları, göstəricilər və s.) tərtib edərkən kataloqlarla yanaşı kartotekalardan da geniş istifadə edilir. Kartotekalar kataloqları tamamlayan daha bir bilioqrafik aparatdır. Elm və texnikanın yeni bir məsələləri və ya problemləri kitablardan fərqli olaraq operativ şəkildə dövri mətbuatda öz əksini tapır. Bu nöqteyi-nəzərdən kartotekalar oxucu sorğularını operativ ödəməkdə istifadə olunan ən səmərəli mənbədir.

40 nəfərə yaxın iştirakçının qatıldığı və 80 dəqiqə davam edən tədbirdə mövzu ilə bağlı müzakirələr aparılmış, MKS əməkdaşlarının sualları cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.05.2020








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020