Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Hamiliklə bağlı növbəti tədbir keçirilmişdir

      Noyabr 18-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hamiliklə bağlı “Azərbaycan rəssamları” mövzusunda mühazirə keçirilmişdir.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin tələbələri iştirak etmişdir. Tədbirdə Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək bildirmişdir ki, təsviri sənətin ən qədim növlərindən biri olan rəssamlıq sənəti insan ruhunu oxşayan, insanın mənəvi aləmindəki daxili duyğularını ifadə edən sənət növüdür. Rəssamlıq sənətinin Azərbaycanda ən qədim nümunələri arasında eramızdan əvvəl VII-V əsrlərdən qalmış “Qobustan” qayaüstü təsvirləri, Kəlbəcər rayonunun “Ayçınqılı və Pəriçınqıl” dağlarındakı Tunc dövrünün başlanğıcına aid rəsmlər müstəsna əhəmiyyətə malikdir. Naxçıvanda professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaransa da bu sənətin köklərinin “Gəmiqaya” rəsmlərinə (e.ə. VII-I minilliklər) qədər uzandığı qəbil edilməkdədir. Qədim Naxçıvanlıların dünyagörüşünü, bədii-estetik təfəkkürünü əks etdirən bu rəsmlərdə onların təsərrüfat həyatı və məişəti təsvir olunmuşdur. Əlincəçay vadisindəki Zoğala yaşayış yerindən tapılmış sütun altlıqları, orijinal tunc qrifon fiqurları, Cavanşirin tunc heykəli və s. sənət əsərləri Naxçıvanda təsviri sənətin qədimdən mövcud olduğunu göstərir. Qədim Naxçıvan diyarında aparılan beynəlxalq səviyyəli son ekspedisiyalar nəticəsində burada şəhər mədəniyyətinin 5000 illik bir tarixə malik olduğu sübuta yetirilmişdir.

Qeyd edilmişdir ki, bu gün Azərbaycanda, o cümlədən muxtar republikamızda rəssamlıq sənətinə, rəssamlara yüksək diqqət və qayğı göstərirlir. Bunun nəticəsidir ki, ölkəmizdə rəssamlıq sənəti inkişaf edir, dünya şöhrətli rəssamlar burada yaşayıb yaradırlar.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycanda rəssamlığın inkişafına yüksək qiymət vermişdir: "Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatur sənəti, Sultan Məhəmmədin miniatur məktəbi, ondan sonrakı dörlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlığının yaratdığı əsərlər xalqımızn mədəni mənəvi irsidir".

Sonda “Azərbaycan rəssamları” adlı film nümayiş olunmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
18.11.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020