Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin
müəllimləri üçün metodik kurs keçirilib

      16 noyabr tarixdə Naxçıvan Musiqi Kollecində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin müəllimləri üçün musiqi ədəbiyyatı fənni üzrə metodik kurs keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi Leyla Əlimərdanova bildirib ki, musiqi təhsili müəssisələrində musiqi ədəbiyyatı fənninin tədrisində əsas məqsəd şagirdlərin bu sahə üzrə dünyagörüşünü zənginləşdirməkdir. Şagirdlərin Azərbaycan musiqi ədəbiyyatı ilə dərindən tanışlığı onların musiqi tərbiyəsinin formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Metodik kursların keçirilməsində məqsəd müəllimlərin bilik səviyyəsinin yüksəldilməsidir.

Daha sonra “Yeddi və beşillik təhsil sistemi üzrə musiqi ədəbiyyatı fənninin tədrisi” mövzusunda metodik dərs keçirilib. Məlumat verilib ki, musiqi məktəblərində şagirdlər musiqi ədəbiyyatının geniş sahəsilə tanış olur, müxtəlif janr və xüsusiyyətləri, xalq və professional musiqi formaları, musiqi ifadə vasitələri, musiqi alətləri, simfonik orkestr, ansambl quruluşları haqqında biliklər əldə edirlər. Qeyd olunub ki, ümumi musiqi ədəbiyyatı fənninin tədrisində bəstəkarların həyat və yaradıcılığı, onların dünya musiqi tarixində rolu və əhəmiyyəti, eləcə də tutduğu mövqe haqqında ətraflı məlumat verilir. Musiqi ədəbiyyatı fənninin tədrisində xüsusi yeri musiqi materialları tutur. Dərs zamanı şagirdlər mahnı janrından başlayaraq irihəcmli əsərlərə qədər məlumatlandırılır. Musiqi ədəbiyyatı fənninin özünəməxsus inkişaf yoluna görə musiqi formaları, silsilələrin tərkibi dəyişir. Musiqi ədəbiyyatının tədrisində klassik musiqi ilə yanaşı, xalq musiqisinin öyrənilməsinə də diqqət yetirmək vacibdir.

Sonda müəllimlərlə mövzu ətrafında söhbət aparılıb və onların sualları cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
17.11.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020