Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Hamiliklə bağlı kitab müzakirəsi keçirilmişdir

      Oktyabrın 16-da ixtisasların hamiliyə verilməsi ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya” ixtisası üzrə təhsil alan tələbələri ilə Həmid Arzulunun “Qara xəncər” adlı əsərinin müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Azərbaycan ədəbi mühitində öz yaradıcılığı, bədii üslubu, dil xüsusiyyətləri, əhatəli yaradıcılıq manerası ilə seçilən Həmid Arzulu həyatının 40 ildən çoxunu elmi, metodik və bədii yaradıcılığa həsr etmişdir.

1960-cı ildən mətbuata öz sözü ilə qədəm qoyan H.Arzulu bədii ədəbiyyatın bütün sahələrində, istər hekayə, povest, roman, dram, istərsə də şer sahəsində sanballı əsərlər yaratmış, Azərbaycanda ilk dəfə olaraq alman dilindən Azərbaycan dilinə bədii tərcümənin nəzəri və təcrübi əsasını qoyanlardan biri olmuşdur.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Xurşud Budaqova “Həmid Arzulunun həyat və yaradıcılığı” mövzusu ilə çıxış edərək bildirmişdir ki, Həmid Arzulu Naxçıvanda yaşayıb yaradan ziyalılarımızdan biridir. O, ədəbiyyata şeirlə gəlmiş, sonralar həm nəsr, həm də alman dilindən bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərərək geniş oxucu kütləsinin pərəstişini qazanmışdır. Azərbaycan milli şeirinin müxtəlif formalarında yazdığı lirik, ictimai-siyasi mövzuda olan şeir və poemaları qısa müddət ərzində onun yaradıcılıq diapazonu, istedadı barədə dolğun təəssürat yaratmışdır.

Əruz vəznində yazdığı satirik sabiranə şeirləri, sərbəst şeir vəznində qələmə aldığı "Deyirsən ki, açıq danış" poeması, ənənəvi janrda dərc etdirdiyi "Kəndimizin dastanı", "Bayramım-Novruzum gəlir" və nəhayət, "Şərq qapısı" qəzetinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülən "Heydərnamə" poeması, digər şeir və mənsur hekayələri Həmid Arzulunun poeziya sahəsində çoxşaxəli yaradıcılığa malik olduğunu göstərmişdir. Alman dilindən poeziya tərcüməsi sahəsində çox gərgin işləyən və bu sahəyə fanatikcəsinə bağlı olan şair alman klassik şairlərindən Henrix Heynenin "Hars səfəri" povestini və bu povestdə olan yüz beytə qədər lirik şeirləri, Yohan Volfhanq Hötenin məşhur "Qərb-Şərq" divanını, Qothold Efraim Lessinqin alman dramaturgiyasının incisi hesab edilən "Müdrik Natan" mənzum dramını, Fridrix Şillerin "Balladalar"ını və s. əsərləri orijinaldan dilimizə tərcümə edərək nəşr etdirmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Əzizə Süleymanzadə “Qara Xəncər” romanının əsas ideyası” adlı mövzu ilə çıxış edərək bildirilmişdir ki, Həmid Arzulunun “Qara xəncər” romanında müəllif 1988-90-cı illərdə Azərbaycanda, o cümlədən Naxçıvanda baş verən milli oyanış təlatümləri fonunda hüquq işçilərinin xofu ürəklərdən hələ tamam silinməmiş qanunların gücündən necə sui-istifadə etdiklərindən, xarici qüvvələrin maddi sərvətlərimizi talan etmək cəhdlərindən və ölkəyə yeni ruh yüksəkliyi, azadlıq, müstəqillik gətirməkdə olan gənclərmizin mübarizəsindən bəhs edilir. Romanda göstərilir ki, qarşıda hələ Azərbaycanı daha çətin, daha ağır taleyüklü hadisələr, ölüm-dirim suallı problemlər gözləyir. Romanın müəllifi şahidi olduğu, hərəkatda fəal iştirak etdiyi, şəxsən gördüyü hadisələri bədii təfəkkür süzgəcindən keçirərək qələmə almışdır. Bu tarixi hadisələr fonunda müəllifin özü tərəfindən yaradılan süjetlər də vardır.

Universitetin kitabxanaçılıq və informasiya ixtisası üzrə IV kurs tələbəsi Əliyeva Vüsalə və II kurs tələbəsi Məcnunova Könül çıxışlarında “Qara Xəncər” romanının onlarda yaratdığı təəssüratdan və əsərin bu gün üçün əhəmiyyətindən danışmışlar.

Çıxışlardan sonra tələbələrlə əsərin müzakirəsi aparılmış, onların sualları cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.10.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020