Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Naxçıvan Dövlət Tarix Muzeyində tədbir keçirilmişdir

      Naxçıvan Dövlət Tarix Muzeyində 16 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə “Müstəqilliyə gedən yol Naxçıvandan başlayır” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi Nizami Rəhimov açaraq bildirmişdir ki, Azərbaycan XX əsrdə iki dəfə özünün dövlət müstəqilliyini əldə etmişdir. Təəsüflər olsun ki, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdir. Lakin özünün qısa müddətli fəaliyyəti dövründə bir sıra taleyüklü tədbirlər işləyib həyata keçirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet rejimində yaşamağa məcbur olan Azərbaycan xalqı daim müstəqillik arzusunda olmuşdur. Nəhayət XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqı azadlıq mübarizəsinə qalxaraq bu arzunu reallaşdırmağa nail oldu. Müstəqilliyə doğru Naxçıvandan başlanan və çətin mübarizələrdən keçən bu yolda ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Azərbaycan tarixinin müəyyən bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1990-cı ilin iyul ayında Naxçıvana qayıdan Heydər Əliyev 1990-cı il sentyabr ayının 30-da Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə keçirilən seçkilərdə Heydər Əlirza oğlu Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR-nin xalq deputatı seçildi. Naxçıvan MSSR Ali Sovetinə seçilmiş deputatların 1990-cı il noyabrın 17-də ilk sessiyası keçirildi. Heydər Əliyevin sədrlik etdiyi həmin sessiya təkcə Naxçıvanda yox bütün Azərbycanda tarixi bir hadisə oldu. Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası “Naxçıvan MSSR adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında”, “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” və b. tarixi qərarlar qəbul etdi. Bununla da müstəqilliyə gedən yol Naxçıvandan başlamış oldu. Heydər Əliyev ideyaları, siyasi xətti bu gün də yaşayır, qalib gəlir və bu siyasi kursun layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir.

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı Kamran Möhbalıyev “Heydər Əliyev və müstəqil Azərbaycan”, “Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının professoru, tarix elmləri doktoru Əziz Novruzlu “Azərbycan müstəqillik yollarında” mövzularında çıxış etmişlər. Cıxışlarda Azərbaycan xalqının müstəqillik tarixindən, keçilən bu yolda qarşıya çıxan çətinliklərdən, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpa olunması, qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs olunmuşdur.

Sonda isə muzeyin ekspozisiyasında “Azərbaycan Respublikasının müstəqillik tarixindən” bəhs edən sərgilərə baxış olmuş və bu sərgilər haqqında muzey əməkdaşı tərəfindən ətraflı məlumat verilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.10.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020