Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Onlayn tədbirlər davam etdirilir

      Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələri tərəfindən 2020-ci ilin üçüncü rübündə pandemiya dövrünə uyğun xüsusi qaydalara ciddi riayət etməklə xeyli sayda onlayn formatda, həmçinin əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmişdir.

Bu ilin iyul ayında Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin, avqust ayında Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının və “Muğam Studiyası”nın, sentyabr ayında isə Naxçıvan Muxtar Respublika Aşıqlar Birliyinin onlayn konsertləri olmuşdur. Bütün bu onlayn tədbirlər sənətsevərlər tərəfindən maraqla qarşılanmışdır. “Milli Musiqi Günü”nә hәsr olunmuş Naxçıvan Dövlәt Filarmoniyasının Estrada Okestrinin canlı konserti vә Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrının yaradıcı kollektivlәrinin ifasındakı onlayn әdәbi-bәdii kompozisiya 2020-ci ilin üçüncü rübünün ən əlamətdar mədəni hadisələrindən olmuşdur. Bu ilin iyul-sentyabr aylarında, ümumilikdə, 7 konsert keçirilmişdir ki, bunlardan 5-i onlayn, 2-si isə canlı formatda təqdim edilmişdir. Bundan başqa, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı da üçüncü rübdə onlayn formatda tamaşa nümayiş etdirmişdir. Onlayn nümayişdə balaca teatrsevərlər üçün “Qızıl xoruz” və “Keçinin qisası” tamaşaları göstərilmişdir. Qeyd edək ki, bütün bu onlayn konsert və tamaşalar Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

İyul-sentyabr aylarında Cəlil Məmmədquluzadənin Ev Muzeyinə, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinə, Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə, Naxçıvan Dövlət Rəsm Qalereyasına və Xatirə Muzeyinə onlayn ekskursiyalar təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 24 dekabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar yallıların çəkilişi aparılmış, yallı sənətinin təbliği ilə əlaqədar sosial şəbəkələrdə paylaşımlar edilmişdir. Bundan başqa, yallı sənətinin yaşadılması işinə töhfə ola biləcək “Yallılar dünəndən bu günə” kitabı və videodiski (DVD) üzərində iş yekunlaşmışdır.

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün bu ilin üçüncü rübü ərzində 6 ədəd yeni xalçanın pasportlaşdırılması işi aparılmış, reyestrə 50 ədəd xalça haqqında məlumat daxil edilmişdir. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 214 ədəd xalça haqqında nazirliyin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Sentyabr ayında AMEA Naxçıvan Bölməsinə Mədəniyyət Nazirlik tərəfindən xeyli sayda qədim əlyazma və kitab hədiyyə olunmuş, bununla bağlı təqdimat mərasimi keçirilmişdir. Sentyabr ayının əlamətdar mədəni hadisələrindən biri Naxçıvan teatrının 138-ci mövsümünün açılışı mərasimində “Aydın” tamaşanın premyerası olmuşdur.

Daha bir onlayn müsabiqə iyul ayında başa çatmışdır. Bu, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Saz sənətini yaşadırıq” adlı onlayn saz ifaçılığı müsabiqəsidir. İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsində iştirak etmək üçün son üç ayda Nazirliyə videoçarx, videoslayd, mətn və digər bu kimi 29 sayda material daxil olmuşdur.

Sentyabr ayında Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Camaldın kənd tam orta məktəbinin şagirdləri üçün distant dərs keçilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir. Bundan başqa, məktəblilərin asudə vaxtının səmərəli təşkili məsqədilə son üç ayda Təhsil Nazirliyi ilə birgə məktəbdənkənar müəssisələrin dərnək üzvləri üçün “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində, Cəmşid Naxçıvanski, Heydər Əliyev və Naxçıvan Dövlət Tarix muzeylərində, Ordubad rayon məktəbliləri üçün isə Yusif Məmmədəliyevin Ev Muzeyində olmaqla, 5 onlayn ekskursiya təşkil edilmişdir. Bu ilin üçüncü rübü ərzində muxtar respublikanın muzeyləri sosial şəbəkələrdəki rəsmi hesablarında onlayn ekskursiyalar, həmçinin əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli 1486 sayda paylaşımlar etmişlər. Bu paylaşımlardan 364-ü onlayn ekskursiya olmuşdur. Sentyabr ayından etibarən nazirlik, komitə və idarələrin müvafiq qrafik üzrə muzeylərə gedişi bərpa edilmiş, iyul-sentyabr ayları ərzində muzeyləri, ümumilikdə, 15 min 159 nəfər tamaşaçı ziyarət etmişdir. Son üç ayda muzeylərə 178 ədəd yeni eksponat daxil olmuşdur.

Muxtar respublikada fəaliyyət göstərən kitabxanalar da iyul-sentyabr aylarında onlayn fəaliyyət işini davam etdirmişdir. Üçüncü rübdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanaları tərəfindən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan bir neçə kitabın 15 onlayn, 3 ənənəvi müzakirəsi keçirilmişdir. “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı 68 sayda video və audio material, həmçinin kitab həvəskarları üçün şeir, hekayə və poemalardan parçaların bədii qiraət olunduğu videolar və audiokitablar hazırlanaraq sosial şəbəkələrdə nümayiş etdirilmişdir.

“Nağıl günləri” layihəsi çərçivəsində son üç ayda, ümumilikdə, 125 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 443 paylaşım edilmişdir.

Rüb ərzində kitabxanalara oxucu gəlişi 9 min 646 nəfər, kitab verilişi isə 59 min 475 nüsxə olmuşdur. Bundan başqa, bu ay kitabxanalar tərəfindən sağlamlıq imkanı məhdud 59 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Üçüncü rübdə muxtar respublikanın yaşayış məntəqələrində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları da əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, eləcə də milli dəyərlərimizin təbliği və yaşadılması istiqamətində müxtəlif xarakterli materiallar hazırlayaraq sosial şəbəkələrdə nümayiş etdirmişlər. Qeyd edək ki, rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə, ümumilikdə, 3 min 773 paylaşım edilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması mədəni fəaliyyətin tərkib hissəsidir. Bu məqsədlə iyul-sentyabr aylarında Ordubad, Sədərək və Culfa rayonlarındakı mədəniyyət müəssisələrinin hazırladıqları xalq yaradıcılığı nümunələrinin Naxçıvan Dövlət Film Fondu tərəfindən çəkilişləri aparılmış, 38 videomaterial hazırlanmışdır. Həmçinin, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 11, rayon mədəniyyət şöbələri tərəfindən 7 olmaqla, ümumilikdə, xalq yaradıcılığı ilə bağlı 56 videomaterial hazırlanmış, bu materiallar Nazirliyin “Youtube” kanalında yerləşdirilmiş, sosial şəbəkələrdə paylaşılmışdır.

Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən müvafiq ssenari əsasında Şahbuz rayonunun Kükü kəndində çəkilişləri aparılmış “Şaxbəzəmə” adətindən bəhs edən televiziya filmi hazırlanmışdır.

Sentyabr ayında həftədə bir dəfə olmaqla, Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada sakinlər üçün 3 bədii film nümayiş etmişdir.

Bu ilin iyul-sentyabr aylarında C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Cəfər Cabbarlının “Aydın” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərləri əsasında hazırlanan eyniadlı tamaşaların məşqləri aparılmışdır. Həmin müddətdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında H.Əsgərovun “Qorxaq Əhməd”, Z.Vedilinin “Üç qismətli varis” tamaşalarının məşqlərini aparmış, “Qorxaq Əhməd” tamaşasına ictimai baxış keçirilmişdir.

Bəhs olunan dövrdə gənclərlə iş sahəsində də bir sıra işlər görülmüş, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə xeyli sayda maarifləndirici onlayn tədbirlər həyata keçirilmişdir. Bu onlayn tədbirlərdə kitab və film müzakirələri aparılmış, mədəniyyətimizin müxtəlif sahələrini əhatə edən söhbətlər təşkil edilmişdir. Gənclərlə iş sahəsində yaddaqalan tədbirlərdən biri Mədəniyyət Nazirliyinin və rayon (şəhər) mədəniyyət şöbələrinin gənclər birliklərinin üzvləri arasında avqust ayında keçirilən “Yaşa və öyrən – II” intellektual bilik yarışı olmuşdur.

Son üç ayda Nazirliyin saytına 96 xəbər, 29 məqalə olmaqla, ümumilikdə, 125 material yerləşdirilmişdir. Mədəniyyət Nazirliyinin rəsmi “Youtube” kanalına üçüncü rübdə 244 (cəmi 555) videomaterial yerləşdirilmiş, paylaşımları bu günədək 83 min 170 nəfər internet istifadəçisi izləmişdir. Sentyabr ayının sonuna Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi “Facebook” səhifəsinin ümumi izləyicilərinin sayı 562, “nmr_medeniyyet_nazirliyi” adlı “İnstagram” səhifəsinin ümumi izləyici sayı isə 5 min 208 olmuşdur. Rüb ərzində həmin rəsmi sosial şəbəkə profillərin hər birində ayrı-ayrılıqda 477 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” “İnstagram” səhifəsində isə 340 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı 658 nəfərə çatmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.10.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020