Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Onlayn formada təqdim edilən mədəni tədbirlər maraqla qarşılanır

      Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi pandemiya dövründə işini yeni istiqamətdə qurmağa çalışmış, sentyabr ayında xüsusi qaydalara ciddi riayət edilməklə onlayn tədbirlərin keçirilməsini davam etdirmişdir.

Ötən ay Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyi üzvlərinin onlayn, Naxçıvan Dövlәt Filarmoniyasının isə “Milli Musiqi Günü”nə həsr olunumş canlı konsertləri, eləcə də əlamətdar gün münasibətilə Cәlil Mәmmәdquluzadә adına Naxçıvan Dövlәt Musiqili Dram Teatrının onlayn әdәbi-bәdii kompozisiyası və Xatirə Muzeyinə onlayn ekskursiya sentyabr ayının ən əlamətdar mədəni hadisələrindən olmuşdur. Bütün bu mədəni tədbirlər Naxçıvan Dövlət Televiziyasında və onun internet resurslarında, həmçinin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və sosial şəbəkə hesablarında canlı olaraq yayımlanmışdır.

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün sentyabr ayında 2 ədəd yeni xalçanın pasportlaşdırılması işi aparılmışdır. Həmçinin “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil olan 45 ədəd xalça haqqında nazirliyin sosial şəbəkə hesablarında məlumatlar paylaşılmışdır.

Sentyabr ayında da AMEA Naxçıvan Bölməsinə nazirlik tərəfindən 39-u yararlı olmaqla, 59 ədəd qədim əlyazma və kitab hədiyyə edilmiş, bu münasibətlə təqdimat mərasimi keçirilmişdir.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 138-ci teatr mövsümünün açılışı münasibətilə ötən ay tədbir keçirilmiş, tədbirin bədii hissəsində Cəfər Cabbarlının “Aydın” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olmuşdur.

İyun ayından start verilmiş və il ərzində davam edəcək “Mədəniyyətin izi ilə” Sosial Mədəniyyət Layihəsində iştirak etmək üçün sentyabr ayı ərzində nazirliyə videoçarx, videoslayd, mətn və digər bu kimi 15 sayda material daxil olmuşdur.

Bu ilin sentyabr ayı ərzində muxtar respublikanın muzeyləri sosial şəbəkələrdəki rəsmi hesablarında onlayn ekskursiyalar, həmçinin əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlər, muzeylərdə olan eksponatlarla bağlı məlumat və təbliğat xarakterli 451 sayda paylaşımlar etmişlər. Bu paylaşımlardan 111-i onlayn ekskursiya olmuşdur. Ötən ay nazirliyin “naxcivan_muzeyleri” İnstagram hesabına 78 sayda məlumat xarakterli paylaşım və onlayn ekskursiya yerləşdirilmişdir. Bu paylaşımları “İnstagram” hesablarında 37 min 248, “Facebook” hesablarında isə 30 min 859 internet istifadəçisi izləmişdir.

Sentyabr ayında muxtar respublikada fəaliyyət göstərən muzeyləri sentyabr ayında 10 min 216 nəfər yerli, 118 nəfər əcnəbi olmaqla, ümumilikdə, 10 min 334 nəfər tamaşaçı ziyarət etmiş, muzeylərə 32 ədəd yeni eksponat daxil olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq aid təşkilatlarla birgə sentyabrın 15-də – “Bilik Günü”ndə Heydər Əliyev Muzeyində Culfa rayon Camaldın kənd tam orta məktəbinin şagirdləri üçün distant dərs keçilmiş, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsi izləmişdir.

Muxtar respublikada fəaliyyət göstərən kitabxanalar da sentyabr ayında onlayn fəaliyyət işini davam etdirmiş, tanınmış şəxsiyyətlərin yubiley və anım günləri, həmçinin tarixi və əlamətdar günlərlə bağlı 140 material hazırlamış, sosial şəbəkələrdə 1 min 114 paylaşım edilmişdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika və A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanaları tərəfindən “Oxunması zəruri olan kitabların siyahısı”na daxil bir neçə kitabın 4 onlayn, 3 ənənəvi müzakirəsi təşkil olunmuşdur. Həmçinin ötən ay “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan kitablarla bağlı 32 sayda video və audio material, həmçinin kitab həvəskarları üçün şeir, hekayə və poemalardan parçaların bədii qiraət olunduğu 134 sayda videolar və audiokitablar hazırlanaraq nazirliyin “Youtube” kanalında sosial şəbəkələrdə nümayiş etdirilmişdir.

“Nağıl günləri” layihəsi çərçivəsində sentyabr ayında 9-u M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, 29-u muxtar respublikadakı kitabxanalar tərəfindən olmaqla, ümumilikdə, 38 audio nağıl hazırlanaraq sosial şəbəkə hesablarında 134 paylaşım edilmişdir.

Bu ilin sentyabr ayında kitabxanalara oxucu gəlişi 3 min 763 nəfər, kitab verilişi isə 24 min 255 nüsxə olmuşdur. Bundan başqa, bu ay kitabxanalar tərəfindən sağlamlıq imkanı məhdud 19 uşağa səyyar kitabxana xidməti göstərilmişdir.

Muxtar respublikanın yaşayış məntəqələrində fəaliyyət göstərən klub müəssisələrinin əməkdaşları da əlamətdar və tarixi günlərlə, görkəmli şəxsiyyətlərlə, eləcə də milli dəyərlərimizin təbliği və yaşadılması istiqamətində müxtəlif xarakterli materiallar hazırlayaraq sosial şəbəkələrdə nümayiş etdirmişlər. Qeyd edək ki, rayon (şəhər) mədəniyyət şöbələri tərəfindən sosial şəbəkələrdə, ümumilikdə, 1271 paylaşım edilmişdir.

Xalq yaradıcılığının öyrənilməsi, yaşadılması və gələcək nəsillərə çatdırılması mədəni fəaliyyətin tərkib hissəsidir. Bu məqsədlə sentyabr ayında Naxçıvan Dövlət Film Fondu tərəfindən 7 videomaterial, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən 5, rayon mədəniyyət şöbələri tərəfindən isə 3 olmaqla, ümumilikdə, 15 videomaterial hazırlanmış, bu materiallar nazirliyin “Youtube” kanalında və sosial şəbəkələrdə paylaşılmışdır. Bundan başqa, ötən ay Mədəniyyət üzrə Elmi-Metodik Mərkəz tərəfindən müvafiq ssenari əsasında “Şaxbəzəmə” adəti haqqında film hazırlanması məqsədi ilə Şahbuz rayonunun Kükü kəndində çəkilişlər aparılmış və film hazırlanmışdır.

Sentyabr ayında həftədə bir dəfə olmaqla, Naxçıvan Dövlət Film Fondu “Əyləncə adası” İstirahət Parkında açıq havada sakinlər üçün 3 bədii film nümayiş etmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı sentyabr ayında C.Cabbarlının “Aydın” və V.Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərləri əsasında hazırlanan eyniadlı tamaşaların məşqlərini aparılmışdır. Sentyabrın 7-də “Aydın” tamaşasına ictimai baxış keçirilmiş və repertuara qəbul edilmişdir. Həmin müddətdə M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında “Qorxaq Əhməd” və “Üç qismətli varis” tamaşalarının məşqləri aparılmış, “Qorxaq Əhməd” tamaşasına ictimai baxış keçirilmişdir.

Ötən ay gənclərlə iş sahəsində də bir sıra işlər görülmüş, gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə xeyli sayda maraqlı onlayn tədbirlər həyata keçirilmişdir. Bu onlayn tədbirlərdə nazirliyin, eləcə də şəhər (rayin) mədəniyyət şöbələrinin Gənclər Birliklərinin üzvləri kitab və film müzakirələri aparmış, səmərəli görüşlər təşkil etmişlər.

Bu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytına 36 xəbər, 10 məqalə olmaqla, ümumilikdə, 46 material yerləşdirilmişdir.

Mədəniyyət Nazirliyinin “Youtube” kanalına sentyabr ayında yerləşdirilmiş 87 (cəmi 555) videomaterialı bu günədək 83 min 170 nəfər internet istifadəçisi izləmişdir. Bu ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Facebook” səhifəsinin ümumi izləyicilərinin sayı 562-yə çatmış, 166 paylaşım edilmişdir. Həmçinin “nmr_medeniyyet_nazirliyi” adlı “İnstagram” səhifəsinin ümumi izləyici sayı 5 min 208 olmuş, ay ərzində səhifədə 166 paylaşım edilmişdir. “Naxcivan_muzeyleri” “İnstagram” səhifəsində isə 78 paylaşım edilmiş, səhifənin ümumi izləyici sayı 658 nəfərə çatmışdır.

Sentyabr ayında istifadəyə verilmiş Culfa Rayon Camaldın Kənd Mərkəzində kənd kitabxana filialının və mədəniyyət evinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.10.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020