Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Naxçıvan Dövlət Kukla Teatrı Ordubadda tamaşa göstərib

      Mayın 14-də M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı sənətşünaslıq üzrə fəlsəfə doktoru Ələkbər Qasımovun görkəmli uşaq yazıçısı Abdulla Şaiqin “Tülkü həccə gedir” əsərinin motivləri əsasında yazdığı “İnanmayaq tülkülərə” tamaşasını Ordubad Rayon Mədəniyyət Sarayında uşaq və məktəblilərə göstərmişdir.

Tamaşanın nümayişindən əvvəl M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının Xalq artisti Şirzad Abutalıbov çıxış edərək uşaq və məktəblilərin sevimli teatrı haqqında onlara qısa məlumat verib. Bildirilib ki, teatr yarandığı dövrdən uşaq və məktəblilərin zövqünü oxşayan tamaşalar hazırlamış, onların estetik zövqünü formalaşdırmış, mənəvi-etik prinsipləri əsas tutmuşdur. Teatrın son illərdə hazırladığı “Göyçək Fatma”, “Qırmızı papaq”, “Qoğalın sərgüzəşti”, “Qırmızı, yaşıl, mavi” və başqa tamaşalar balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edilib ki, teatr bu ilin payızında yaradılmasının 30 illiyini qeyd edəcəkdir.

Sonra “İnanmayaq tülkülərə” tamaşası nümayiş etdirilib. Bir çox nağıl-pyeslərin əsas surəti tülkü burada da hiyləgərliyi, xudpəsəndlik və riyakarlığı ilə seçilir. Tamaşanın dili sadə, maraqlı və cəlbedicidir. Tamaşada alleqoriyadan istifadə edilərək hadisələr uşaqların anlayacağı dildə göstərilir. Uşaq tamaşalarının hamısında olduğu kimi, burada əsas əxlaqi-tərbiyəvi məsələlər ön plana çəkilmişdir. Tamaşada ilıq yumor və təbii gülüş olduğu üçün Abdulla Şaiqin bu əsəri həmişə diqqəti cəlb edib. Tülkünün maraqlı sərgüzəşti, əxlaqi nəticə uşaqlara asanlıqla çatdırılır.

Tamaşa kuklalarla hazırlandığı üçün xüsusilə azyaşlı uşaqlar tərəfindən maraqla baxılır. Tülkü surətləri, Mərcan Xoruz, Məstan Xoruz, Ağ toyuq, Cil toyuq, Cücələr və başqa alleqorik personajlar uşaqlar tərəfindən maraqla qarşılanır. Folklorumuzun zənginliyini, müdrikliyini göstərmək baxımından tamaşa maraq doğurur.

Qeyd edək ki, teatrın aktyorları İlqar Babayev, Ləman Əhmədova, Əfqanə Ələsgərova, Süleyman Süleymanov, İlham Babayev Ulduz Süleymanova, Vəsmə Quliyeva, İbad Nəbiyev, Arzu Səfərov nağıl qəhrəmanlarını təbii və səmimi səsləndiriblər.

Tamaşanın quruluşçu rejissoru Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov, rəssamı Ədalət Quliyev, musiqi tərtibatçısı Əli Məmmədovdur.

Tamaşa uşaqlar tərəfindən maraqla qarşılanıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.05.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019