Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Tələbələr üçün ekskursiya təşkil olunmuşdur

      Mayın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələr üçün “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Qazançı körpüsünə ekskursiyalar təşkil edilmişdir.

Ekskursiyada Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Musiqi Kollecinin tələbələri iştirak etmişdir.

Ekskursiya iştirakçıları ilk olaraq “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə baxış keçirmişdir. Gənclərə muzey haqqında ətraflı məlumat verilərək qeyd edilmişdir ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. Muzey ekspozisiya zalından və iki iş otağından ibarətdir. Muzey fondunda ümumilikdə 250-dən artıq eksponat vardır ki, bunlardan 167-si muzeyin ekspozisiya zalında sərgilənir.

Bildirilmişdir ki, Əlincəqala muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasındadır. Bu qala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində əvəz olunmaz rol oynamışdır.

Sonra gənclər ekspozisiya zalında “Əlincəqala” tarixi abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, vitrinlərdəki “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan tarixi atlası” kitabları, həmçinin Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab, məqalə və qəzet materialları ilə tanış olmuşlar.

Gənclər muzeyi gəzdikdən sonra “Əlincəqala” tarixi abidəsi ilə də tanış olmuş və qalanın zirvəsinə qalxaraq möhtəşəm təbiət mənzərəsini izləmişlər.

Həmin günün davamında ekskursiya iştirakçıları Qazançı körpüsüylə tanışlıq üçün yola düşmüşlər.

Ekskursiya iştirakçılarına Qazançı körpüsünün tarixi haqqında geniş məlumat verilmişdir. Qeyd olunmuşdur ki, Qazançı körpüsü Qazançı kəndindən şimalda Əlincəçay üzərində inşa edilmiş tarix-memarlıq abidəsidir. Körpü XVI-XVII əsrlərdə Şərq memarlıq üslubunda tikilmişdir. Xalqa arasında bu körpü “Qozbel körpü” adı ilə tanınır.

Nəzərə çatdırılmışdır ki, körpü zaman keçdikcə təbii qüvvələrin təsirindən, baxımsızlıqdan aşınmalara məruz qalmış, bəzi yerləri uçub dağılmışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tarix və mədəniyyətimizə göstərdiyi yüksək qayğı nəticəsində 2018-ci ilin iyul ayından Qazançı körpüsündə bərpa işlərinə başlanılmış, 2018-ci il noyabrın 30-da körpü istifadəyə verilmişdir.

Ekskursiya zamanı gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmış və ekskursiya başa çatmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.05.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019