Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Kitabın müzakirəsi keçirilib

      Mayın 14-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan Muxtar Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri” adlı kitabın müzakirəsi keçirilmişdir.

Kitabxananın direktoru Tamella Əsgərova tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, ölkəmizdə ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi illərində ekoloji məsələlərə diqqət artırılmış, bu sahədə qanunvericilik bazası formalaşdırılmış, ekoloji fəaliyyətin istiqamətləri müəyyənləşdirilmişdir. Bildirilmişdir ki, dahi şəxsiyyətin müəyyənləşdirdiyi ekoloji strategiya Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həyata keçirdiyi uğurlu siyasət, sosial-iqtisadi inkişaf, ekoloji strategiya xüsusi mühafizə olunan təbiət ərazilərinin daha da inkişaf edəcəyinə və təkmilləşəcəyinə əsas verir. Aparılan tədbirlər nəticəsində ekoloji mühit yaxşılaşdırılmış, biomüxtəlifliyin qorunması üçün ətraf mühitdə olan neqativ təsirlər minimuma endirilmiş, iqtisadi inkişafda müasir texnologiyalar tətbiq edilmiş,alternativ enerji mənbələrindən istifadəyə üstünlük verilmişdir ki, bu da xüsusi mühafizə olunan təbiət ərazilərində nəsli kəsilməkdə olan flora və fauna növlərinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına imkan yaratmışdır.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin baş məsləhətçisi Əmrullah Quliyev Naxçıvan Muxtar Respublikasında mövcud olan xüsusi mühafizə olunan təbiət əraziləri haqqında ümumi məlumat verərək, onların əhəmiyyətindən və inkişafından danışmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova kitabda adı çəkilən xüsusi mühafizə ounan təbiət ərazilərindən “Ordubad Milli Parkı” və “Ordubad Dövlət Təbiət Yasaqlığı” haqqında məlumat vermişdir. Qeyd olunmuşdur ki, Akademik Həsən Əliyev adına Ordubad Milli Parkının yaradılmasında məqsəd ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi və əhalinin ekoloji cəhətdən maarifləndirilməsinin təmin edilməsidir. Parkda 217 növ və yarımnöv quşlara, 32 növ məməli heyvana, yırtıcılardan canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, meşə pişiyinə rast gəlinir. Muxtar Respublikada bitən 110 növ bitkidən 77 növü parkın ərazisində mövcuddur. Milli parkın tutduğu ərazi ekoturizmin, kənd turizminin inkişafı üçün də çox əlverişlidir. “Ordubad Dövlət Təbiət Yasaqlığı”nın ərazisində bitki aləminin zənginliyi, çoxsaylı heyvanların yaşamasına imkan yaratmışdır. Yasaqlıq Naxçıvan Muxtar Respublika ərazisində yaradılan ilk xüsusi mühafizə olunan ərazidir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova çıxışında qeyd etmişdir ki, “Şahbuz Dövlət Təbiət Qoruğu”nun yaradılmasında əsas məqsəd bu region üçün səciyyəvi olan nadir təbiət komplekslərini, fauna və floranı təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək, təbiəti mühafizə və elmi tədqiqat işlərinin aparılmasından ibarətdir. Həmçinin qeyd etmişdir ki, qoruğun ərazisində 65 növ boyaq bitkisi, 111 növ nadir və məhvolma təhlükəsi altında olan bitkilər, 150 növdən artıq dərman bitkisi mühafizə olunur.

Akademik Həsən Əliyev adına “Zəngəzur Milli Parkı”nın yaradılmasında əsas məqsəd isə ərazi üçün xarakterik olan fauna və flora növlərinin qorunması, artırılması və zənginləşdirilməsi, yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası, elmi-tədqiqat işlərinin aparılması, ətraf mühitin monitorinqi, əhalinin ekoloji cəhətdən maarifləndirilməsi və turizm potensialı olan ərazidə ekoturizmin inkişafının təmin edilməsidir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Arazboyu Dövlət Təbiət Yasaqlığı” və “Arpaçay Dövlət Təbiət Yasaqlığı” haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinın 2005-ci il 23 sentyabr taixli Sərəncamı ilə yaradılan “Arazboyu Dövlət Təbiət Yasaqlığı”nın yaradılmasında əsas məqsəd Naxçıvan Muxtar Respublikasının Arazboyu ərazisində təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması, bərpası, ekoloji tarazlığın saxlanılması,ətraf mühitin mühafizəsi,ondan səmərəli istifadə edilməsi, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin, tarixi-mədəniyyət, arxeoloji və memarlıq abidələrinin qorunub saxlanılmasından ibarətdir. Muxtar respublika ərazisində mövcud olan 241 növ və yarımnöv quşların 85-faizindən çoxu məhz, bu ərazılərdə məskunlaşmışdır. Yasaqlıq ərazisində meşə ehtiyatlarının artması, mühafizə tədbirlərinin gücləndirilməsi, burada fauna ehtiyatlarının, xüsusilə quşların sayının və növ tərkibinin artmasına da şərait yaratmışdır. Son 13 ildə yasaqlıq ərazisində 10 yeni quş növü aşkar edilmişdir.

“Arpaçay Dövlət Təbiət Yasaqlığı” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2009-cu il 22 iyun tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Şərur, Kəngərli, Babək, Şahbuz rayonlarının inzibati ərazilərində yaradılmışdır. Bu ərazi ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə edilməsi, nadir endemik və nəsli kəsilmək təhlükəsi altında olan flora və fauna növlərinin, tarixi mədəniyyət, arxeoloji və memarlıq abidələrinin qorunub saxlanılması məqsədi ilə yaradılmışdır.

Tədbirin sonunda tədbir iştirakçıları kitab haqqında öz fikirlərini bildirmişlər.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.05.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019