Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Növbəti tədbir keçirilmişdir

      Noyabrın 13-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair, nasir, publisist Alimov Gəray Fəzli oğlunun (Gəray Fəzli) anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru T.Əsgərova açaraq yazıçının Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan söhbət açmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron zal müdiri Zeynab Sadıqova “Gəray Fəzlinin həyat və yaradıcılığı” mövzusunda çıxış edərək bildirmişdir ki, Gəray Fəzli 1925-ci ilin noyabrında dünyaya gəlmişdi. Dünyaya payızda göz açsa da, ad gününü baharda, mayın 9-da qeyd edərdi. Səbəbi isə o idi ki, II Dünya Müharibəsində dəfələrcə ağır yaralansa da sağ qala bilmişdi. Müharibənin sonuna yaxın sağ qolundan və boğazından ağır yaralanmış və bununla məktəb illərində məlahətli səsi ilə ürəkləri fəth edən gəncin təkcə bədəni yox, səsi də gülləbaran edilmişdir. 70 illik ömründə Gəray müəllim çox məhsuldar yaradıcılıq yolu keçmiş, şərəfli bir həyat sürmüşdür. Hələ 17 yaşı tamam olmamış ürəyinin hökmü ilə cəbhəyə yollanmış, ağır döyüşlərdən çıxmışdır. Ordudan tərxis olunduqdan sonra Pedaqoji İnstitutumda təhsil almışdır. 1953-1957-ci illərdə Qax rayonunda müəllimlik etmişdir. Gəray Fəzli uşaqlıq və gənclik illərini Qaxda keçirmişdir. Sonralar bu rayonun Güllük kəndində müəllim, məktəb direktoru işləmişdir. Bu yerlər onun üçün çox əziz idi. Xalq şairi Nəriman Həsənzadə Gəray Fəzli haqqında "İtirilmiş səs" adlı poema yazmışdır.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının böyük kitabxanaçısı Süleymanzadə Əzizə “Mənalı ömrün səhifələri” mövzusunda çıxış edərək bildirmişdir ki, bədii yaradıcılıqla məşğul olan Gəray Fəzlinin dövri mətbuatda dərc olunan şeirləri oxucular tərəfindən rəğbətlə qarşılanır. Kitabdakı “Mənim səsim” şeiri şairin ömür payının ən ağrılı məqamları haqqında ballada kimi dillərə düşüb. Yazıçı 1957-ci ildən ömrünün sonunadək Azərbaycan Televiziyası və Radiosunda müxtəlif vəzifələrdə çalışmışdır. Ədəbi fəaliyyətə gənc yaşlarından başlayan Gəray müəllim "Ölkəm", "Mənim səsim", "Təzə ünvan", "İldırımlı dağlar", "Kəhrəba işığında", "Səadətin ünvanı", "Yeddi ulduzlu səma", "Gecə günəşi", "Bir qəlbin asimanı", "Xatirəli dünyam" və s.kitabları ilə oxucuların görüşünə gəlmişdir. "Portret cizgiləri" seriyasından sənədli povestlər, oçerklər yazan Gəray müəllim 1991-ci ildə "Hikmət", 1992-ci ildə "Axtarış", 1993-cü ildə isə "Kəndin səsi" qəzetlərinə redaktorluq etmişdir. 1952-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Gəray Fəzlinin əsərləri ədəbi ictimaiyyətin, məşhur söz adamlarının diqqətini çəkir, layiqli qiymətini alırdı. Bütün yaradıcılıq sahələri kimi, ədəbiyyat da özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, əsərlərində fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarırsansa, yazdıqların oxucu tərəfindən seviləcək. Gəray Fəzlinin müharibə illərindən bəhs edən “Kəhrəba işığında”, “Yeddi ulduzlu səma”, “Gecə günəşi”, “Bir qəlbin asimanı” romanlarını oxuduqca başa düşürsən ki, biz bu günümüz üçün onlara, ölümlə üz-üzə gələnlərə, əbədiyyətə qovuşan hər bir əsgərə, bədənində qəlpələr gəzdirənlərə borcluyuq.

Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla ümumilikdə 19 nəfər iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.11.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020