Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Babək Rayon Mədəniyyət Sarayında muğam konserti təşkil olmuşdur

      Mayın 13-də Babək Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyası tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş muğam konserti keçirilmişdir.

Konsertin aparıcısı qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmiş, Tədbirlər Planında muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün həyata keçirdiyi tədbirlər muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və taleyüklü digər məsələlərin yerinə yetirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etməklə onu çiçəklənən, günü-gündən müasirləşən bir diyara çevirmişdir.

Muğam sənəti Azərbaycan xalqının bədii yaradıcılığının və musiqi mədəniyyətinin zəngin sərvəti olmaqla nadir sənət nümunəsidir. Muğam xalqımızın dünya mədəni irsinə bəxş etdiyi ən böyük xəzinədir. Muğam sənətimizdə xalqımızın təfəkkürü və düşüncə tərzi öz əksini tapır. 2002-ci ildə UNESKO tərəfindən muğam sənəti “Bəşəriyyətin qeyri-maddi mədəni irsi reprezentativ siyahısı”na daxil edilmişdir.

Qeyd edək ki, maraqlı konsert proqramı ilə ictimaiyyət qarışında çıxış edən Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının bədii rəhbəri İlqar Hüseynovdur. 2016-cı ilin sentyabrından fəaliyyətə başlayan “Muğam” studiyasının konsertləri ictimaiyyət tərəfindən maraqla qarşılanır. Studiyanın əsas məqsədlərindən biri də gənc muğam ifaçılarını aşkara çıxarmaq və onları tanıtmaqdır.

Kollektivin gənc muğam ifaçıları çalışır ki, bu qüdrətli musiqini yüksək səviyyədə muğam həvəskarlarına çatdırsınlar. Muğam konsertində ilk olaraq Məhərrəm Quliyev “Şur” təsnifi və musiqisi Əlibaba Məmmədova məxsus olan “Söylə” əsərini səsləndirmişdir. Sonra ansamblın üzvlərindən Habil Qasımov tərəfindən “Rast” və “Şur” təsnifləri, Nərmin Hüseynova tərəfindən “Dilkeş” təsnifi, Bəhruz Quliyev tərəfindən Qulu Əsgərovun “İlk eşqim” əsərləri ifa edilmişdir. Onların ifasında səslənən muğam və təsniflərimiz alqışlarla qarşılanmışdır.

Konsertin davamında Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Xatirə Səfərovanın ifasında “Dilkeş” təsnifi, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Hünər Əliyevin ifasında “Zabul” təsnifi və xalq mahnıları səsləndirilmişdir. Tədbirdə ifa edilən muğam əsərləri poeziyamızın və muğamımızın vəhdətini, söz-sənət xəzinəmizin zənginliyini bir daha əks etdirmişdir.

“Muğam” studiyasının bir saatdan artıq davam edən konserti Babək rayon sakinlərində xoş ovqat yaratmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.05.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019