Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib

      Martın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmiş, Tədbirlər Planında muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan dövlətçilik tarixində özünəməxsus yeri olan Naxçıvan çətin, mürəkkəb, gərgin mübarizə yolu keçmiş, hər dövrdə mərkəzi şəhər olmaqla yanaşı, həm də mədəniyyət mərkəzi olmuş və çoxəsrlik dövlətçilik ənənələrinə malik olmuşdur.

XX əsrin 20-ci illəri, xüsusilə 1918-1920-ci illərdə Naxçıvan ictimai-siyasi hadisələrin daha gərgin dövrünü yaşamışdır. 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlanan bu qədim diyar gərgin günlər yaşamaqla bərabər, şərəfi bir inkişaf yolu keçmişdir. Ümumiyyətlə, muxtar respublikanın yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir.

Qeyd edilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün həyata keçirdiyi tədbirlər muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və taleyüklü digər məsələlərin yerinə yetirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etməklə onu çiçəklənən, günü-gündən müasirləşən bir diyara çevirmişdir.

Ulu öndərin Naxçıvan üçün həyata keçirdiyi tədbirlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu illər ərzində Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi və mədəni yüksəlişinə, hərtərəfli inkişafına da layiqli töhfəsini vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə 20 ildən artıq dövrdə qədim diyarımızın siması dəyişmiş, şəhər, kənd və rayon mərkəzlərində irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirilmiş, tarixə, mədəniyyətə, səhiyyəyə, təhsilə qayğı artmış, yeni infrastruktur obyektləri tikilmiş, muxtar respublika inkişaf və intibaha qovuşmuşdur.

Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafından danışarkən mədəniyyətimizə, incəsənətimizə, tariximizə, milli dəyərlərimizə diqqət və qayğını xüsusi qeyd etməliyik. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə ötən dövrdə muxtar respublikamızda 70-dən artıq dünya əhəmiyyətli abidə təmir və bərpa olunmuşdur. Bu illər ərzində 15-dən çox muzey yaradılmış, yeni-yeni uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, 100-lərlə digər mədəniyyət müəssisələri istifadəyə verilmişdir. Bütün bunlar xalqımızın tarixinə, mədəniyyətinə, milli dəyələrə, gənc nəslin sabahına göstərilən diqqət və qayğının bariz ifadəsidir.

Diqqətə çatdırıb ki, qədim diyarımızda tarixi-mədəni irsin qorunub saxlanması sahəsində görülən işlər öz bəhrəsini vermişdir. Naxçıvanda “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı” tədbirləri 2018-ci ildə uğurla keçirilmiş, “Yallı” (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqslərini UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.

Naxçıvan Muxtar Respublikası bu gün öz inkişaf və intibahının yeni mərhələsini yaşayır. Naxçıvan regionda beynəlxalq tədbirlərin, idman yarışlarının, elmi konfransların keçirildiyi bir məkana çevrilmişdir.

Nazir çıxışının sonunda deyib ki, bu gün sabitliyin və əmin-amanlığın hökm sürdüyü muxtar respublikamız özünün hərtərəfli inkişafı, abadlığı ilə hər kəsin diqqətini cəlb edir. Muxtar respublikamızın inkişafının nümunə göstərilməsi əldə edilən uğurlar nəticəsində mümkün olmuşdur.

Tədbirin bədii hissəsində Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı göstərilmişdir. “Ehsan xan Kəngərli” tarixi dramı XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələri əks etdirir. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir.

İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün rus diplomatı Aleksandr Sergeyeviç Qriboyedovla apardığı söhbətlər olduqca maraq doğurur. Naxçıvanın gələcək taleyi ilə bağlı Kəngərli xanları arasında yaranan fikir ayrılığı və Ehsan xanın təşəbbüsü ələ alaraq xalqın taleyini hər şeydən üstün tutması əsərdə konfliktin gərginliyini daha da artırır.

Tamaşada Ehsan xanla yanaşı, Abbasqulu ağa Bakıxanovun da bədii obrazı diqqəti cəlb edir. Bakıxanov erməni fitnələrinin qarşısını almaq üçün Ehsan xana çıxış yolu tapmaqda kömək edir.

“Ehsan xan Kəngərli” tamaşasında dövrün ictimai-siyasi hadisələri faktlarla səhnəyə gətirilir ki, bu da tamaşaçını cəlb edir.

Bu maraqlı tamaşanın elmi məsləhətçisi akademik İsmayıl Hacıyev, quruluşçu rejissoru, Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Tamaşada Azərbaycan Respublikasının Xalq artistləri Rza Xudiyev (Ehsan xan), Rövşən Hüseynov (Kalbalı xan), Həsən Ağasoy (Kərim xan), Azərbaycan Respublikasının Əməkdar artistləri Bəhruz Haqverdiyev (Şıxəli bəy), Əli Əliyev (Paskeviç), Əbülfəz İmanov (Safraz Saakov), aktyorlar Zəminə Məmmədova (Çimnaz xanım), Ələsgər Quliyev (Nəzərəli xan), Səyyad Məmmədov (Qriboyedov), Zakir Fətəliyev (Məmmədrza xan), Anar Eyvazov (rus zabiti), Nazlı Hüseynquliyeva (yaşlı qadın), Mehri Nəbiyeva (Nina Çavçavadze) maraqlı obraz və personajlar yaratmışlar.

Tamaşanın sonunda teatrsevərlər əsərin müəllifini və yaradıcı kollektivi alqışlarla qarşılamışdır.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.03.2019












Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019