Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Qədim əlyazma və kitabların təqdimatı keçirilib

      Fevralın 13-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qədim tarixə malik 24 sayda əlyazma və kitab AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna hədiyyə olunub.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, yazılı abidələr təkcə xalqımızın deyil, Yaxın və Orta Şərqin orta və sonrakı yüzilliklərdəki ictimai-siyasi vəziyyətini, eləcə də elmi-mədəni mühitini öyrənmək baxımından qiymətli mənbələrdir. Bu zəngin və əhatəli kitab xəzinəsi təkcə Azərbaycan üçün deyil, ümumilikdə, bəşər sivilizasiyasının və dünya tarixinin araşdırılmasında olduqca etibarlı mənbələr hesab olunurlar.

Akademik diqqətə çatdırıb ki, bu cür nadir əşyalar, kitab və əlyazmalar elm və mədəniyyət müəssisələrinə təqdim olunmalıdır ki, lazımınca araşdırılıb təbliğ edilsin. Xalqımızın qədim və zəngin tarixini özündə əks etdirən maddi-mədəniyyət nümunələri bu müəssisələrdə həm lazımi şəkildə qorunur, həm də məxsus olduğu dövr haqqında əlavə məlumatlar verir.

“Bu sahədə həyata keçirilən əsaslı tədbirlər arasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qədim əlyazma və kitabların AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fonduna təqdim edilməsi mühüm yer tutur” - deyən İsmayıl Hacıyev vurğulayıb ki, bundan sonra da muxar respublikanın Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq davam etdiriləcəkdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək qeyd edib ki, tarixin müxtəlif dövrlərində əlyazma və kitab şəklində yazıya alınmış qədim kitab nümunələri xalqımızın milli mədəniyyətini və qədim keçmişini, eləcə də dərin bilik və mədəni qabiliyyətini özündə ehtiva etməkdədir. Dəyərli mənbələr olan əlyazma və kitab nümunələrinin elmi əsaslarla tədqiqi qədim tariximiz və zəngin mədəniyyətimiz haqqında tarixi gerçəklikləri ortaya çıxarmaqdadır. Qədim əlyazma və kitabların əksəriyyəti ərəb əlifbası ilə yazıya alındığından belə kitab və əlyazmaların toplanması, tədqiqi, öyrənilməsi və nəşrə hazırlanması mütəxəssis işi tələb edir.

Nazir diqqətə çatdırıb ki, tarixi və mədəni əhəmiyyət kəsb edən eksponatların, həmçinin qədim əlyazma və kitab nümunələrinin profil istiqamətləri üzrə muzeylərə və elmi-tədqiqat müəssisələrinə hədiyyə edilməsi muxtar respublikada qədim tariximizə, zəngin mədəniyyətimizə göstərilən yüksək diqqət və qayğının əməli nəticəsi kimi dəyərləndirilməlidir.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyindəki muzeylərə bu ilin yanvar ayında 238 ədəd yeni eksponat daxil olmuşdur. İstər muzeylərimizə, istərsə də AMEA Naxçıvan Bölməsinin müvafiq elmi-tədqiqat müəssisələrinə hədiyyə edilən hər bir eksponat, eləcə də qədim əlyazma və kitab qədim diyarımızın tarixinin, burada mövcud olmuş zəngin mədəniyyətimizin elmi şəkildə və əhatəli formada öyrənilməsində, eyni zamanda, təbliğində böyük rola malikdir.

Natəvan Qədimova çıxışının sonunda Naxçıvan Muxtar Respublikasında mədəniyyətin, tarixin öyrənilməsinə və bu sahələrdə elmi əsaslarla əhatəli tədqiqatların aparılmasına göstərdiyi böyük diqqət və qayğıya görə muxtar respublikanın Mədəniyyət Nazirliyi adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Sonra AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov təqdim olunan kitablar haqqında ətraflı məlumat verərək bildirib ki, hədiyyə edilən qədim kitab və dərsliklər əski əlifba ilə Azərbaycan dilində həmçinin ərəb və fars dillərindədir. Bu kitablar arasında XX əsrin əvvəllərində nəşr edilmiş və dünya ədəbiyyatından tərcümə olunmuş nümunələr də yer alır.

Fərman Xəlilov vurğulayıb ki, qədim əlyazma və kitabları tədqiq etmək, bu dəyərli əsərləri mühafizə edib gələcək nəsillərə çatdırmaq xalqımızın tarixinin və keçmişinin gələcəyə çatdırılması deməkdir.

Sonda AMEA Naxçıvan Bölməsinə hədiyyə edilən kitablara baxış olub.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.02.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020