Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Kəngərli rayonunda “Kitabi-Dədə Qorqud” dastanının
müzakirəsi keçirilib

      Fevralın 13-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən mədəniyyət evində Kəngərli rayonunda fəaliyyət göstərən müəssisələrdə çalışan gənclər arasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin yaradıcı gənclərlə iş üzrə aparıcı məsləhətçisi İlkin Cabbarov bildirib ki, gənc nəsildə vətənpərvərlik, torpağa bağlılıq, ləyaqət, mərhəmət, xeyirxahlıq kimi mənəvi dəyərlərin inkişafında kitab əvəssiz xəzinədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı”nın təsdiq edilməsi təkcə qədim diyarımızda deyil, ölkə ictimaiyyəti, tanınmış ziyalılar tərəfindən də rəğbətlə qarşılanmışdır. Siyahıda adları qeyd edilən kitablar yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə, tarixi keçmişə, milli kökə bağlılığına və siyasi dünyagörüşünün artırılmasına, ailədə, ictimai mühitdə davranış qaydalarına yiyələnməsinə xidmət edir.

Sonra “Kitabi-Dədə Qorqud dastanında etnik-psixoloji xüsusiyyətlərin inikası” mövzusunda M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva, “Kitabi-Dədə Qorqud milli tariximizin keçmişi” mövzusunda Xurşud Budaqova, “Kitabi-Dədə Qorqud dastanı xalqımızın söz abidəsidir” mövzusunda Kəngərli Rayon MKS-nin Mərkəzi kitabxanasının əməkdaşı Miralməmməd Seyidov, “Kitabi-Dədə Qorqud dastanında xalqımızın qəhrəmanlıq eposu” mövzusunda Qıvraq Qəsəbə Kitabxana Filialının müdiri Gülnarə Abbasova, “Kitabi-Dədə Qorqud dastanı tarixi aynamızdır” mövzusunda Çalxanqala Kənd Kitabxana Filialının müdiri Ruhin Əhmədov çıxış etmişlər.

Qeyd olunub ki, qədim Oğuz dastanı olan “Kitabi-Dədə Qorqud” ümumtürk mədəniyyətinin, o cümlədən Azərbaycan tarixi və folklorunun, dilimizin və mənəviyyatımızın şah əsəridir. Müstəqillik qazanmış Azərbaycanımızda milli tarixi özünüdərketmənin, soy-kökə qayıdışın dərinləşməsində “Kitabi-Dədə Qorqud” dastanının oyada biləcəyi təsiri əvəz edən ikinci bir yazılı və ya şifahi ədəbi abidə tapmaq mümkün deyildir. Bu mənada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması haqqındakı 20 aprel 1997-ci il tarixli Fərmanı xalqımızın milli özünüdərkə, müstəqillik və millilik düşüncəsinə qəti dönüşün təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir. Bu, respublika prezidentinin “Kitabi-Dədə Qorqud” dastanlarının öyrənilməsi sahəsində açdığı yeni üfüq olmaqla bərabər, həm də xalqımızın təşəkkülü tarixinin yenidən, obyektiv şəkildə tədqiq edilməsinə, müəyyən olunmasına, məmləkətimizin və millətimizin dünyada tanıdılmasına da göstərdiyi yüksək dövlət qayğısının bariz ifadəsidir. “Dədə Qorqud” dastanı bizi həm ən qədim tariximizə, əsl-kökümüzə qayıdışda, həm də müstəqil bir dövlət və millət kimi XXI əsrə aparmaqda əvəzsiz bələdçidir. Ata kitabımızın yenidən və daha dərindən, həm də milli mövqedən araşdırılması ulu keçmişimizdən bu günə və sabaha doğru olan bütün yolların güzgüdəki kimi gerçək şəkildə aşkar edilməsi, əks etdirilməsi deməkdir.

Tədbirdə mövzunun müzakirəsi ilə bağlı gənclərin fikirləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin yekununda “Oxunması zəruri olan kitablar”dan təşkil olunmuş sərgiyə baxış keçirilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.02.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020