Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















İstedadlı rəssam Babək Abuzərlinin yaradıcılığına həsr olunmuş
tədbir keçirilib

      Fevralın 13-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında tanınmış rəssam Babək Abuzərlinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin əməkdaşlarının, Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin üzvlərinin və sənətkarın ailə üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Nazirliyin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova açıb. O bildirib ki, muxtar respublikada rəssamlıq sənətinə xüsusi diqqət və qayğı göstərilir. Rəsm festivallarının keçirilməsi, sərgilərinin təşkili və istedadlı rəssamların əməyinin dövlətimiz tərəfindən yüksək səviyyədə qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasında rəssamlıq sənətinin inkişafına böyük töhfələr verir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən də bu sahədə işlər həyata keçirilir, muxtar respublikada yaşayıb yaratmış və rəssamlıq sənətində özünəməxsus iz buraxmış dəyərli rəssamların yaradıcılığına həsr olunan tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də bu gün təşkil olunub və Naxçıvan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi olan Babək Abuzərlinin həyat və yaradıcılığına həsr edilib.

Sonra Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli çıxış edərək rəssamın həyat və yaradıcılığı haqqında məlumat verib.

Bildirilib ki, Babək Abuzərli 1944-cü ildə mart ayının 23-də Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 1961-ci ildə Ə.Əzimzadə adına Bakı rəssamlıq texnikumuna qəbul olunan rəssam təhsilini başa vurduqdan sonra Naxçıvan şəhərinə qayıdıb, 1970-ci ildə SSRİ Rəssamlar Birliyinin və Azərbaycan Rəssamlar Birliyinin üzvü olub. İstedadlı rəssamın müxtəlif dövrlərdə Ulduz jurnalında “Leyla”, Ədəbiyyat və İncəsənət qəzetində “Bağda”, “Qızlar bulağı”, Bakı qəzetində “Tarladan qayıdırlar” əsərlərinin fotosu dərc edilib. Sənətkar həm də Əbdürrəhim Bəy Haqverdiyevin “Bəxtsiz cavan” əsərinin tərtibatçı rəssamı olub.

1985-ci ildə Naxçıvan rəssamlarının Moskva şəhərində keçirilən sərgisində Babək Abuzərlinin də əsərləri nümayiş etdirilib. 1995-ci ildə İran İslam Respublikasının Urmiya, Xoy, Mehabatan şəhərlərində keçirilmiş sərgidə rəssamın “Araz”, “Yanan ağaclar”, “Qış”, “Natürmort” və digər əsərləri sərgilənib.

Babək Abuzərli 1989-cu ildən 2000-ci ilədək Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri vəzifəsində çalışıb və dövlət səviyyəli bütün tədbirlərdə fəal iştirak edib.

Hökümə Məmmədli qeyd edib ki, 30 yanvar 2000-ci ildə Naxçıvan şəhərində vəfat edən rəssamın hazırda 13 ədəd rəsm əsəri Naxçıvan Dövlət Rəsm Qalereyasında mühafizə olunur.

Sonra rəssamın həyat yoldaşı Azadə Abuzərli və yaxınları çıxış edərək sənətkarla bağlı xatirələrini danışıb, tədbirin təşkilatçılarına təşəkkür ediblər.

Tədbirdə Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Cavid İsmayılov və Həmzə Sadiqov çıxış edərək Babək Abuzərlinin özünəməxsus yaradıcılıq yolundan, fərqli təxəyyülündən və təsvir etdiyi bənzərsiz rəsm əsərlərindən söhbət açıblar.

Rəssamın əsərlərindən ibarət sərgiyə baxış keçirildikdən sonra tədbir yekunlaşıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.02.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020