Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Kadr və kargüzarlıq işinin təşkili ilə bağlı seminar keçirilib

      Fevral ayının 11-i, 12-i və 13-ü tarixlərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Nazirliyin sisteminə daxil olan müəssisələrdə kadr və kargüzarlıq işinin düzgün təşkili ilə bağlı 3 günlük seminar keçirilib. Seminarda Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və kadr işi üzrə mütəxəssislər iştirak edib.

Seminarda Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Kamandar Ələkbərov “Kargüzarlığın aparılması və sənədlərlə iş” mövzusunda çıxış edərək bildirib ki, dövlətimiz tərəfindən kadr və kargüzarlıq işinin təşkili məsələsi daim diqqət mərkəzində saxlanılır, muxtar respublikada fəaliyyət göstərən dövlət orqanları, müəssisə və təşkilatların bu sahədə apardığı işlərin düzgün təşkili üçün mütəmadi olaraq seminarlar keçirilir. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin 2020-ci il üçün iş planına əsasən təşkil olunan bu seminarın əsas məqsədi də Nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisə və təşkilatlarda kadr və kargüzarlıq işinin vəziyyətinin yaxşılaşdırılmasıdır.

Qeyd olunmuşdur ki, sənədlərin qəbulu, göndərilməsi, icra edilməsi, icraçıya çatdırılması, icraya nəzarət, daxil olan sənədlərin qeydə alınması, sənədlərin, məktubların hazırlanması və tərtibi, əmrlərin hazırlanması zamanı kargüzarlıq işinin qaydalarına riayət edilməlidir.

Çıxışda bu işlərin ümumi qaydaları haqqında ətraflı məlumat verilmişdir.

Vurğulanıb ki, Nazirliyin nəzdində fəaliyyət göstərən müəssisələrdə kadr və kargüzarlıq işinin düzgün təşkil edilməsi məsələləri əsas məqsəd kimi qarşıya qoyulmalı, kargüzarlıq və sənədləşmə işi mövcud qanunvericiliyin tələblərinə uyğun səviyyədə qurulmalı, əmək qanunvericiliyinə və müvafiq təlimatın tələblərinə ciddi əməl olunmalı, işçilərin şəxsi işində olan sənədlər tam və səliqəli yığılmalı, kadr anket və tərcümeyi halları, əmək müqavilələri və əmək kitabçaları düzgün şəkildə yazılmalıdır.

Seminarda Nazirliyin sisteminə daxil olan müəssisələrdə aparılan yoxlamalar zamanı müşahidə olunan vəziyyət təhlil olunub, çatışmazlıqların aradan qaldırılması sahəsində qarşıda duran vəzifələrdən bəhs edilib.

Seminarın davamında kargüzarlıq işinin aparılması qaydası izah edilib. Şəxsi işlərin tərtib edilmə qaydalarından və şəxsi işdə toplanmalı olan sənədlərdən bəhs olunub. Əmək münasibətlərinin tənzimlənməsi qaydasından və əmək müqaviləsi üzrə elektron informasiya sistemindən istifadə haqqında ətraflı məlumat verilib.

Seminarda sənədlərin işlənməsi qaydaları müvafiq slaydlar vasitəsilə əyani nümayiş etdirilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmış və onlara Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış metodiki tövsiyələr təqdim edilmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.02.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020