Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Şahbuzum” adlı solo konsert olub

      Aprelin 12-də Şahbuz Rayon Mədəniyyət Sarayında istedadlı müğənni Vəli Səfərovun Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş “Şahbuzum” adlı solo konserti olub. Konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuşdur. Müğənnini Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı müşaiyət edib. Ansamblın bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti Zeynallabdin Babayevdir.

Konsertin aparıcısı bildirib ki, bu gün qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadıldığı səfalı rayonlardan olan Şahbuzda sizinlə görüşmək bizim üçün xoşdur. Özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti ilə seçilən Şahbuz rayonunda aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə etmişdir. Bu gözəl Mədəniyyət Sarayı da bu ilin töhfələrindəndir.

Qeyd edilib ki, bu il muxtar respublikamız üçün əlamətdar ildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 21 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmiş, Tədbirlər Planında muxtar respublikanın 95 illik yubileyinin geniş qeyd edilməsi ilə bağlı müxtəlif silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün həyata keçirdiyi tədbirlər muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və taleyüklü digər məsələlərin yerinə yetirilməsi Naxçıvanın hərtərəfli inkişafını təmin etməklə onu çiçəklənən, günü-gündən müasirləşən bir diyara çevirmişdir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə 20 ildən artıq dövrdə qədim diyarımızın siması dəyişmiş, şəhər, kənd və rayon mərkəzlərində irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirilmiş, tarixə, mədəniyyətə, səhiyyəyə, təhsilə qayğı artmış, yeni infrastruktur obyektləri tikilmiş, muxtar respublika inkişaf və intibaha qovuşmuşdur.

Bildirilib ki, Vəli Səfərov Naxçıvan Dövlət Universitetində təhsil almışdır. Müğənni indiyədək Azərbaycanda keçirilən bir çox müsabiqələrdə iştirak etmişdir. Müğənninin konsert və televiziyalardakı çıxışları rəğbətlə qarşılanır.

Konsert Vəli Səfərovun ifasında “Şahbuzumun” mahnısı ilə başlayıb.

Müğənninin bir-birinin ardınca ifa etdiyi Tofiq Əhmədovun “Güldür məni”, Ələkbər Tağıyevin “Eşqimi sönməyə qoymaram”, “Tək sən səslə məni” Oqtay Kazıminin “Üzü dönsün bu dünyadan”, Zeynab Xanlarovanın “Unuda bilmirəm”, Bəhram Mansurovun “Ötən gənclik”, Razim Paşayevin “Peşmanı kim olacaq”, Elçin Cəlilovun “Yaşayıram el üçün” mahnıları alqışlarla qarşılanıb.

Konsertdə Vəli Səfərovun ifasında Azərbaycanı və Naxçvanı tərənnüm edən “Azərbaycanım”, “Naxçıvanım”, “İl nə gözəldir” və başqa mahnılar da səslənib. Konsert rayon sakinlərində xoş ovqat yaradıb.


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.04.2019












Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019