Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Yol əhvalatı” filmi Culfa rayonunun Qazançı kəndində nümayiş olunub

      Aprelin 12-də Culfa Rayon Qazançı Kənd Mədəniyyət Evində Naxçıvan Dövlət Film Fondu kənd ictimaiyyətinə Azərbaycan kinosu günü çərçivəsində “Yol əhvalatı” filmini göstərmişdir.

Filmin nümayişindən əvvəl Naxçıvan Dövlət Film Fondunun əməkdaşı Şənhəyat Səfərova çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev milli kinomuzun inkişafına həmişə böyük diqqət və qayğı göstərmişdir. Kinomuzda baş verən inkişaf və yeniləşmə, tərəqqi, keyfiyyət dəyişiklikləri məhz bu dahi şəxsiyyətin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur.

Azərbaycan kinosu tarixin sınaqlarından həmişə şərəflə çıxmışdır. Kino tariximizdə çətin illər də olmuş, lakin buna baxmayaraq kinomuz mədəni hadisələr yaşamış, həmişə xalqımızın tarixini, milli adət-ənənələrini, milli dəyərlərini yaşatmış, həyatımızın bütün sahələrinə nüfuz edərək sevilən bir sənətə çevrilmişdir.

Qeyd edilib ki, Azərbaycan kino tarixinin əsl inkişaf dövrü sayılan 1970-1980-ci illərdə kino salnaməmizin unudulmaz səhifələrini təşkil edən, mədəniyyətimizin qızıl fonduna daxil olan tarixi filmlər yaradılmış, digər görkəmli əsərlər ekranlaşdırılmış, müasir mövzulu və sənətkarlıq baxımından diqqətəlayiq filmlər çəkilmişdir. Azərbaycan kinosunun bir sıra filmləri bu illərdə yüksək dövlət mükafatlarına layiq görülmüş, beynəlxalq kino festivallarında və müsabiqələrində mükafatlar almışdır.

Bu gün ümummilli liderimizin kinonun inkişafı üçün gördüyü işlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı 2008-ci il 4 avqust tarixli Sərəncamla “Azərbaycan kinosunun 2008-2018-ci illər üçün inkişafına dair Dövlət Proqramı”nı təsdiq etmişdir.

Sonra 1980-ci ildə lentə alınan “Yol əhvalatı” filmi nümayiş etdirilmişdir. Quruluşçu rejissoru Teymur Bəkirzadə olan “Yol əhvalatı” filmində şən və xeyirxah sürücü, gənc Mustafa gözəl Zümrüdlə evlənmək arzusundadır. Ancaq oğlan qızın atasının, daha doğrusu, “işbaz”, alverçi Qurbanın heç ürəyincə deyil. Bu uğursuz nişanlının öz sevgilisinə qovuşması üçün çalışması onu çətin vəziyyətlərə salır, amma o, inadından dönmür, nəhayət qalib çıxır. Zümrüd məhz ona ərə gedir.

Film iki sevən gəncin məhəbbəti fonunda əli əyrilərin ifşası ilə sona yetir.

Filmin quruluşçu operatoru Şərif Şərifov, Ələsgər Ələkbərov, bəstəkarı Polad Bülbüloğludur. Rolları Səyavuş Aslan, Həmidə Ömərova, Yaşar Nuri, Hacı İsmayılov, Zərnigar Ağakişiyeva, Eldəniz Zeynalov və digərləri canlandırırlar.

“Yol əhvalatı” filmi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.04.2019












Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019