Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Kəngərli Rayon Mədəniyyət Sarayında konsert olub

      Martın 12-də Kəngərli Rayon Mədəniyyət Sarayında Şərur Rayon Mədəniyyət Şöbəsinin tabeliyində olan musiqi kollektivlərinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyinə həsr olunmuş konserti olub.

Konsertin aparıcısı bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyi tamam olur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 21 yanvar 2019-cu il tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş Tədbirlər Planı”nı təsdiq etmişdir. Muxtar respublikanın musiqi kollektivləri də bu tədbirlərdə fəal iştirak edəcəklər. Bugünkü konsert proqramı da bu yubileyə həsr olunmuşdur.

Qeyd edilib ki, son 20 ildən artıq dövrdə qədim diyarımızın siması dəyişmiş, şəhər, kənd və rayon mərkəzlərində irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri həyata keçirilmiş, tarixə, mədəniyyətə, səhiyyəyə, təhsilə qayğı artmış, yeni infrastruktur obyektləri tikilmiş, muxtar respublika inkişaf və intibaha qovuşmuşdur.

Konsert “Arpaçay” instrumental ansamblının ifasında “Mahur” rəngi ilə başlayıb. Qeyd edək ki, ansamblın bədii rəhbəri Vəli Hüseynovdur. Ansamblın solistlərinin ifasında Azərbaycan bəstəkarlarının mahnıları, xalq mahnıları səslənib. Solistlərdən Cabbar Əliyev, Coşqun Hüseynov, Fərman Allahverdiyev, Səbuhi Baxşəliyev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Kimya Babayevanın ifa etdiyi “Azərbaycanım”, “Dilbərim”, “Can Azərbaycan”, “Ay ceyranım”, “Ana yurdum”, “Naxçıvanım” və başqa mahnılar alqışlarla qarşılanıb.

Şərur Rayon Mədəniyyət Sarayının bədii rəhbər-rejissoru Nəsimi Məmmədzadə və Şərur Rayon Xalq Teatrının rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Neymət İslamoğlunun ifasında Azərbaycan poeziyasından nümunələrin bədii qiraəti də maraqla qarşılanıb.

Konsertdə Şərur Xalq Yallı Ansamblının ifa etdiyi “Söylə”, “Köçəri” yallıları rəngarənglik yaratdı. “Köçəri” yallısının sədaları altında konsert başa çatıb.

Bir saatdan artıq davam edən konsert rayon sakinlərində xoş ovqat yaratmışdır.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.03.2019












Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019