Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı müsabiqənin növbəti turu keçirilib

      Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin tədbirlər planına əsasən muxtar respublikada fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 18 oktyabr 2018-ci il tarixdə start verilmiş Naxçıvan Muxtar Respublikasının 95 illiyinə həsr olunmuş “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı müsabiqədə Naxçıvan şəhəri və muxtar respublikanın bütün rayonları üzrə məktəbliləri iştirak edirlər. Müsabiqənin I mərhələsi Ordubad rayonunun ümumtəhsil məktəbləri şagirdləri arasında keçirilib və 40 şagird iştirak edib.

Qədim diyarımızın təbiəti, Naxçıvanın tarix və memarlıq abidələri, şəhər və kəndlərimizin abadlıq və quruculuq həyatını əks etdirən mövzularla bərabər, bu yurdun mərd və mübariz insanlarının əks olunduğu rəsmlər müsabiqənin əsas mövzusudur.

Martın 12-də müsabiqənin növbəti turu Culfa rayonunda keçirilmişdir. Növbəti tur başlamazdan əvvəl Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Hökümə Məmmədli bildirib ki, muxtar respublikanın bütün bölgələrində Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyinə həsr olunmuş tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Naxçıvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə keçirilən “Qədim və müasir Naxçıvan gənc rəssamların fırçasında” adlı rəsm müsabiqəsidir. Müsabiqə muxtar respublikanın ümumtəhsil məktəblərinin VI-XI sinif şagirdləri arasında keçirilir. Rəsm müsabiqəsinin keçirilməsində əsas məqsəd qədim diyarımız Naxçıvanın istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi və istiqamətləndirilməsindən ibarətdir. İlk turu 18 oktyabr 2018-ci ildə keçirilən müsabiqə rayon və muxtar respublika turlarından ibarət olacaqdır. Rayon turlarında I və II yerləri tutmuş iştirakçılar muxtar respublika turunda iştirak etmək hüququ qazanacaqdır. Müsabiqə iştirakçılarına müəyyən edilmiş mövzu ətrafında işləmələri üçün 3 saat vaxt verilir. İştirakçıların əl işləri münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndiriləcəkdir. Qaliblər Naxçıvan Dövlət Rəsm Qalereyasının diplom, fəxri fərman və müxtəlif hədiyyələri ilə mükafatlandırılacaqlar. Ordubad rayon turu ilə start götürən müsabiqə 10 may 2019-cu il tarixədək bütün rayonlar üzrə davam edəcəkdir.

Culfa şəhərində keçirilən müsabiqədə iştirakçıların rəsm əsərləri münsiflər heyəti tərəfindən 10 ballıq sistem üzrə qiymətləndirilib. Beləliklə Cəfərova Nurcan (I yer, Culfa şəhəri), Kamil Məmmədli, Kamal Sədralıyev (II yerlər, Kırna və Yaycı kəndləri), Şənxanım Adıgözəlova, Gülay Zeynalova (III yerlər, Culfa şəhəri və Milax kəndi) qalib olaraq muxtar respublika turunda iştirak etmək hüququ qazanmışdır. Növbəti tur Babək rayonunda keçiriləcəkdir.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
12.03.2019











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019